“İkinci dəfə dünyaya gəlsəydim, yenə onunla ailə qurardım” - Şəhid xanımı

 “İkinci dəfə dünyaya gəlsəydim, yenə onunla ailə qurardım” -  Şəhid xanımı
  28 May 2021    Oxunub:2061
“Sonuncu dəfə doğum günündə Şəhriyara sürpriz hazırlamışdım. Hədiyyəmi görüb çox duyğulandı”.

Bunu Azvision.az -a Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyevin xanımı Pərvin Quliyeva deyib.
31-ci doğum gününü cənnətdə qeyd edən şəhidimizlə bağlı xatirələrindən danışan P.Quliyeva həyat yoldaşı ilə birlikdə yaşadağı xoşbəxt günləri yada salıb.

“Ad günlərini ailə daxilində qeyd etməyi sevirdi. Həmişə ona maraqlı hədiyyələr alırdım, sürprizlər edirdim. Sonuncu ad günündə kiçik bir tort alıb, özü də gözləmədən uşaqlarımızla birlikdə təbrik etdim. Çox kövrəldi. Dedi, sən məni sevirsən, heç vaxt özəl günlərimi unutmursan, sevməsəydin biganə yanaşardın. Ona maraqlı hədiyyələr, məsələn, qol saatı, üstündə “fəxrimizsən” yazılmış ətir hədiyyə etmişəm.



Təmtəraqlı ad günü məclislərini sevmirdi. Deyirdi, elə öz ailəmizlə qeyd edək. Adi bir tort kəsilməsi ilə qane olurdu. Oğlumuzun ad günündə arzulayırdı ki, həyatı da özü kimi gözəl olsun.

5 il idi ki, ailə həyatı qurmuşduq. 5 il bir igidin ömrü deyil, amma Şəhriyar bu müddət ərzində elə gözəl anlar yaşadıb ki, mən dünyaya ikinci dəfə gəlsəydim, yenə onunla ailə həyatı qurardım.



Cismən bizimlə olmasa da, ruhən bizi izləyir. Bütün Azərbaycan onunla fəxr edir. Şəhriyarın qardaşı və qardaşının dostları onun adına bulaq tikiblər.

Oğlum bulağın açılışı zamanı atasına həsr olunmuş belə bir şeir səsləndirdi:

Ata, sən vətənə can verdin, xalq da sənə can dedi.
Ata, Allah səni yaradıb, Vətənə qurban dedi.
Yoxluğun ölüm deyil, sən yaşayırsan, sağsan.
Zirvələrdə dalğalanan sən üçrəngli bayraqsan.


Döyüşə gedəndə dedi, ailəmdən, yoldaşımdan çox razıyam. Yaxşı ki, belə ailəm var. Onun bu sözləri mənə rahatlıq gətirir”.

Qeyd edək ki, Şəhriyar Quliyev Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhriyar   şəhid  





Xəbər lenti