Ağdamlı məşhurlar: “Dünən möhtəşəm bir gün yaşadıq”

  Ağdamlı məşhurlar:  “Dünən möhtəşəm bir gün yaşadıq”
  29 May 2021    Oxunub:4632
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib. Dövlət başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşərək, şəhərin baş planı və görüləcək işlərlə bağlı danışıb.
Azvision.az Ağdamda ölkə başçısının keçirdiyi görüşdə iştirak edən tanınmış şəxslərin təəssüratlarını öyrənib.



Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Prezident İlham Əliyevin nitqi və təqdim olunan Baş Planla artıq bütün ağdamlıların narahatlığına son qoyulub.

“Ağdam 100 min nəfərlik yeni şəhər olacaq. Ağdamın qədimliyi qorunub saxlanılmaqla yanaşı, müasir şəhər salınacaq. Burada universitetlər, kolleclər bərpa ediləcək. Şəhərin içərisindən kanal vasitəsilə çay keçəcək və onun hər tərəfində yaşıllıq bağ zolaqları salınacaq. Şəhərin dörd bir tərəfi bağ olacaq. Yerli sakinlərin turistləri qarşılaması üçün orada kiçik otellər və restoranlar tikilə bilər”.

Ağdamın imarəti Cıdır meydanı olacaq

Deputat dünənki görüşdən böyük sevgi ilə qayıtdığını söyləyib: “Narahat qaldığım bəzi məsələlər var idi. Tarixi yerlərin bərpası, əhalinin şəxsi evlərinin necə tikilməsi ilə bağlı narahatlığım vardı. Lakin Prezident bütün ağdamlıların narahatlığına son qoydu. Bir neçə təməlqoyma mərasimi keçirildi. Ağdamda ilk dəfə beşmərtəbəli Ağ evin təməli qoyuldu. Bu, rayonun simvolu olacaq. Rayonun əvvəlki məscidi bərpa olunur. Amma müasir standartlara cavab verən yeni məscid də tikiləcək. Ağdamlılar imarətin necə bərpa ediləcəyindən narahat idi. Lakin buna da diqqətlə yanaşılıb. Bərpa olunacaq imarət Cıdır meydanı olacaq. Çünki o zaman Pənah xan o imarəti yaradanda orada cıdır yarışları keçirirmiş. Bundan əlavə, Ağdamda 30 minlik stadion tikiləcək. Ağdam atcılıq zavodu indi Ağcabədidə fəaliyyət göstərir. Bir atcılıq zavodu da Eyvazxanbəylidə inşa olunacaq. Ağdamın keçmiş adət-ənənələri, simvolları qorunacaq”.



Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov Ağdamdan gözəl təssüratlarla qayıtdığını qeyd edib. O bildirib ki, dünən möhtəşəm bir gün yaşayıb, tarixi ana şahidlik ediblər:

“Ağdamın Baş Planı ziyalıların yanında təsdiq edildi. Ağdamın böyük hissəsi dağıntılardan təmizlənib, sürətli şəkildə iş gedir. Dəmiryolu, avtomobil yolu çəkilir. Ağdam şəhərinin ərazisi iki dəfə böyüdülür. Son texnologiyalarla idarə olunan şəhər qurulacaq. Ağdamda tramvay xətti çəkilir, insanların işlə təmin olunması üçün sənaye parkı açılacaq. Qısa müddətdə yeni, müasir Ağdam tikiləcək”.

“Bir il əvvəl Ağdama gedəcəyimizi xəyal edə bilmirdik”

M.İbrahimov hesab edir ki, 28 May - Respublika gününü Ağdamda təməlqoyma mərasimində keçirmək möhtəşəm tarixi hadisədir:

“Şükürlər olsun ki, bu gün Ağdamın işğalından yox, quruculuq işlərindən danışırıq. Bunun özü böyük xoşbəxtlikdir. Bir il bundan öncə biz bunu xəyal edə bilmirdik. Qələbəni Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuzunun şücayəti, şəhidlərimizin sayəsində əldə etmişik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ağdamın inşasından sonra düşünürəm ki, orada muğam müsabiqələri keçirəcəyik, tədbirlər təşkil edəcəyik. Ağdama turistlər gələcək. Ağdam Qarabağın mərkəzi rolunu oynayacaq, mükəmməl bir şəhər olacaq”.



"Ağdamda tarixi hadisəyə şahidlik etdik"

Xalq artisti Ramiz Quliyev isə bildirib ki, 28 il həsrətində olduğu rayonu görmək, torpağına ayaq basmaq, oranın quruculuq işlərini görmək sevincli anlardır.

“Dünənki səfərdə övladım Əyyub Quliyev, dostlarımız və Ağdamdan olan ziyalılarla birlikdə olduq. Bunlar tarixi hadisənin şahidi olmaq deməkdir. Cənab Prezidentin Ağdamla bağlı çıxışı məni daha da ruhlandırdı. Ağdamda təkcə evimizi yox, şəhərimizin bütün gözəl yerlərini, çörək evini, çay evini axtarırdım, məscidimizin minarələrini gördüm. Tarixi bazarlardan, kəndlərdən heç nə qalmayıb. Bu səfərdə Prezidentimizin torpağa, millətə nə qədər bağlı olduğunu gördük. O, tək Ağdamın deyil, işğaldan azad edilən bütün yerlərin, Azərbaycanın təəssübünü çəkir.

Mən tarımla bütün dünyanı gəzmişəm. Avropa ölkələrində olmuşam. Şuşaya və Ağdamın torpağına ayaq basanda dedim ki, “İlahi, sənə çox şükür ki, mən öz “Cənnət bağımı” gördüm”.



Ağdama qayıtmağın bayram olduğunu söyləyən tanınmış tarzən bildirib ki, 28 il həsrətini çəkdiyi Ağdam şəhərinin Baş Planının Respublika günündə təqdim edilməsi rəmzi məna daşıyır.

“Ağdama getməmişdən öncə Ağcabədidə qonaq olduq. Gecəni yata bilmədim. Torpağa əlimi, gözümüzü vuracağım anı həsrətlə gözləyirdik. Bu bir bayramdır, sevincdir. Qələbəni bizə yaşadan Ali Baş Komandanımıza və Ordumuza təşəkkür edirəm”.

Oxşar xəbər:

Prezident Ağdamın bərpasının təməl daşını qoydu

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam   Şəhər   Qarabağ  





Xəbər lenti