Kişineuda 28 May Respublika Günü qeyd edilib

Kişineuda 28 May Respublika Günü qeyd edilib
  29 May 2021    Oxunub:1540
Azərbaycan xalqının milli bayramı - 28 May Respublika Günü münasibətilə Azərbaycanın Moldovadakı səfirliyi bir sıra tədbirlər təşkil edib.
Azvision.az xəbər verir ki, həmin tədbirlərdə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Dmitri Sokolan, Türkiyə Cümhuriyyətinin Moldova Respublikasındakı səfiri Gürol Sökmensüer, Belarus Respublikasının Moldova Respublikasındakı səfiri Anatoli Kalinin, Moldova Respublikası parlamentinin deputatları, Moldovanın tanınmış mədəniyyət və elm xadimləri, müxtəlif KİV-lərin təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycanın və Moldovanın Dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq qeyd edib ki, builki bayram bizim üçün xüsusi əhəmiyyət kəsb edir: biz ilk dəfədir ki, Respublika Gününü işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparılır və regionda nəhayət sülhün bərqərar olması üçün hər cür imkan var.

Səfir bildirib ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. AXC qısa müddət mövcud olsa da həmin dövrdə müstəqilliyin və dövlətçiliyin təməlini yaradıb.

1990-cı illərin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində ölkəmiz firavanlaşmağa başlayıb, siyasi böhrandan çıxıb. Bu gün Azərbaycan Prezident İlham Əliyevin hərtərəfli ölçülüb-biçilmiş siyasəti sayəsində regionun aparıcı dövlətinə çevrilib.

Səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətindən də söhbət açaraq qeyd edib ki, o, ölkənin inkişafına və firavanlaşmasına böyük töhfə verir. Diplomat deyib: “Mehriban Əliyevanın bilavasitə rəhbərliyi ilə bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirilir, mühüm sosial layihələr reallaşdırılır, qayğıya və himayəyə ehtiyacı olan vətəndaşlara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına xüsusi diqqət və kömək göstərilir”.

Qüdsi Osmanov Moldova ilə Azərbaycan arasında münasibətlərə də toxunaraq deyib: “Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq telləri bağlayır. Moldova Respublikasının rəhbərliyi beynəlxalq məkanlarda Azərbaycanın mövqelərini dəstəklədiyinə görə ona minnətdarıq”.

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Dmitri Sokolan da tədbirdə çıxış edib. O, Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək Azərbaycanın beynəlxalq arenada uğurlarını, müxtəlif sahələrdə nailiyyətlərini vurğulayıb. D.Sokolan deyib: “Mayın 18-də biz Moldova ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 29-cu ildönümünü qeyd etdik. Bu illər ərzində iqtisadi, sosial və mədəni sahələrdə hər iki tərəfin mənafelərinə cavab verən çoxsaylı layihələr həyata keçirilib. Bizim əməkdaşlığımız yaxşı potensiala malikdir, lakin bu gün həmin potensial tam həcmdə reallaşmır. Biz bu istiqamətdə iş aparırıq. Mən Azərbaycan xalqını bayram münasibətilə bir daha təbrik edirəm, ona sülh və firavanlıq arzu edirəm”.

Sonra tədbirin qonaqları səfirliyin ərazisində təşkil olunmuş, müasir mərhələdə Azərbaycanın inkişafına həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbir iştirakçıları səfirliyin bağçasında ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyublar. Büstün rəsmi açılış mərasimi Moldovanın və Azərbaycanın yüksəkvəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək.

Tədbir çərçivəsində Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərinin üç dildə yazıldığı xatirə lövhəsinin açılışı olub. Bundan əlavə, səfirliyin ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə həsr edilmiş “Şəhidlər bulağı”nın açılışı olub.

Azvision.az



Teqlər: Moldova  





Xəbər lenti