AzVision: Sərhəd insidentlərinin gizli səbəbi haqda versiya – VİDEO

  30 May 2021    Oxunub :2966
      AzVision:    Sərhəd insidentlərinin gizli səbəbi haqda versiya –    VİDEO
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Maraqlı hadisələrin maraqlı da suallar yaratdığı bir həftənin sonuna çatdıq və indi onların bəzilərini cavablandırmaq vaxtıdır:
- Prezidentin səmimiyyəti, yaxud, bəzən deyilə bilinməyənləri eşitmək nə üçün vacibdir;
- Paşinyanın yeni təklifi sərhəd insidentlərilə bağlı hansı versiyanı irəli sürməyə əsas yaradır?
- Ayvazyanın sirli istefası: Altı ayda ikinci xarici işlər nazirinin gedişi nəyin əlamətidir?




Vətən Müharibəmizdən sonra bütün bayramlarımız tamam fərqli məzmun və mahiyyət qazanıb. İndi hər bayram keçmiş və gələcəklə bağlı simvolların sərgisi olur. Qələbə gününü Şuşada keçirəndən sonra, Cümhuriyyət günündə Ağdama gedən dövlət başçımızın səfəri yenə də rəmziliklərlə dolu idi. Bütövlükdə bu səfər onu göstərirdi ki, taleyini özü müəyyən edən Müstəqil Dövlət olmaq nə deməkdir. Azərbaycan Cümhuriyyəti yarandığı gündən bəri heç vaxt bu qədər güclü olmayıb. Biz indi 103 yaşlı Cümhuriyyətin ən qüdrətli dövrünü yaşayırıq. Hərbi mənada bu qüdrət özünü simvolik olaraq Cümhuriyyət Günündə Azərbaycan Əsgərinin Şuşada keçirdiyi yürüşdə göstərirdisə, iqtisadi mənada dövlət başçısının Ağdama səfəri zamanı əsası qoyulan layihələrdə büruzə verirdi. Bir səfər zamanı şəhər üçün yoldan tutmuş, məktəbə qədər lazım olan nə varsa, hamısının simvolik bünövrəsi qoyulur və elan edilir ki, hələ ötən il işğalda olan, hazırda faktiki xarabalıqdan ibarət ərazi tezliklə dünyanın ən gözəl və ağıllı şəhərlərindən birinə çevriləcək. Xarabalıqdan “smart city”yə. Əgər dövlətin qüdrəti bu bu deyilsə, onda nədir?
***
“Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır” (İlham Əliyev).
Hər şey yoldan başlayır. Yenidən qurulan Ağdam da Bərdədən çəkiləcək, bu həftə əsası qoyulan yeni yoldan başlayacaq. Bu, azad edilmiş ərazilərdə qurulacaq ümumi yol infrastrukturunun qollarından biridir.
Yoldan başqa, dövlət başçısının səfəri zamanı ilk yaşayış binasının əsası qoyuldu. Bu, simvolik olaraq, Ağdamda mülki həyatın bərpası deməkdir. Eynilə əsası qoyulan məktəb kimi. Vaxtilə Ağdam şəhərindəki 1 saylı məktəb Qarabağ bölgəsinin ən qədim və böyük məktəbi hesab olunurdu. 93-cü ildə ermənilərin dağırtdığı o məktəb 500 yerlik idi, amma əvəzində tikiləcək məktəbdə 960 şagird təhsil alacaq. Bu, o deməkdir ki, ermənilərin daqırtdıqları hər şey daha yüksək səviyyədə bərpa olunur.
Ağdam Sənaye Parkı isə bir tərəfdən ora qayıdacaq əhali üçün iş yerləridirsə, digər tərəfdən, artıq azad edilmiş ərazilərimizin iqtisadiyyatımıza güc qatmağa başladığını göstərir. İlkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsinin yerləşəcəyi bu sənaye parkı Qarabağda planlaşdırılan 4 mərkəzdən biri olmaqla, bütövlükdə bölgənin iqtisadiyyatının inkişafında rol oynacaq.
Ağdamda salınacaq 125 hektarlıq meşə-park isə onu göstərir ki, söhbət həqiqətən də dünyanın ən gözəl və həyat üçün ən münasib yaşayış məntəqələrilə müqayisə edilə biləcək bir şəhər yaratmaqdan gedir. Qarabağ sadəcə bərpa olunmur. Orada ölkənin sabahı yaradılır.
***

Regionda 103 il əvvəl 3 dövlət üçün eyni zamanda başlayan müstəqillik tarixçəsinin bir də antiqəhrəmanı var ki, ona da baxanda məsələnin digər tərəfi aydınlaşır: Müstəqil ola bilməmək nə deməkdir. Bu həftə Ermənistanın prezidenti Armen Sarkisyan özlərinin... - bilmirəm, adını nə desəm, düz olar,- siyasi təşkilat formalarının 103 illiyilə bağlı xalqa müraciət etmişdi. Orada deyilirdi (sitat bir hərf də o yan-bu yan edilmədən, olduğu kimi verilr): “Müstəqili dövlətçilik bizim sərhədlərin pozulmazlığı və mübahisədən kənar olması, bizim qərar qəbul etmək və həyata keçirmək qabiliyyətimiz, sülhü və təhlükəsizliyi təmin etmək bacarığımızdır. Biz təkcə qalib gəlməyi yox, həm də həmin qələbə ilə necə davranmağı bacarmalıyıq”.
AzVision: Həftənin fərmanı, sükutu və ştammı – Video

Anlamaq olmur ki, Armen Sarkisyan özü ilə məzələnir, yoxsa xalqı ilə. Axı sadaladıqları bu amillərdən heç biri hazırda Ermənistanda yoxdur. Və əgər müstəqillik bunlar deməkdirsə, onda Ermənistan müstəqil deyil. Prezidentləri ərz edir ki, müstəqillik sərhədlərini qoruya bilməkdir, baş nazirləri isə deyir, gəlin, sərhədlərimizi qorumaq üçün beynəlxalq qüvvələri çağıraq. Bu həftə Kəlbəcər sərhədində baş verən insidentdən çıxış yolu kimi Paşinyanın Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında məhz bu təklifi irəli sürməsi, faktiki, Ermənistanın öz sərhədlərini qorumaq iqtidarında olmamasının etirafı idi. Budur onların 103 yaşını qeyd etdikləri ölkələrinin gəlib çatdığı yer. Öz sərhədlərini qorumaq iqtidarında olmayan dövlət elə olmayan dövlət deməkdir. Yəni bu dövlət həqiqətən alınmayıb, Azərbaycan prezidentinin dəfələrlə dediyi kimi, o, “failed state”dir.

Paşinyanın təklifində gizlənən şeytan

Diqqət edin ki, Paşinyanın təkliflərində söhbət sərhəddə Rusiya sülhməramlılarını yerləşdirməkdən getmir. Paşinyan ATƏT-in Minsk qrupunun iki digər ölkəsini – ABŞ və Fransanı da nəzərdə tutur. Bu, son dərəcə ciddi məqam olmaqla, son vaxtlar bölgədə gedən proseslərin gizli səbəblərini müəyyən qədər anlamağa imkan yaradır.
Belə ehtimal etmək olar ki, 44 günlük müharibə zamanı proseslərdən tamamilə kənarda qalmış ABŞ və Fransa indi Ermənistan hakimiyyətinin əlilə hansısa formada regiondakı əvvəlki mövqelərinə qayıtmaq istəyirlər. Və madam ki, Qarabağda artıq Rusiya sülhməramlıları yerləşdirilib, digər iki həmsədr əldən buraxdıqları fürsəti Azərbaycan-Ermənistan sərhədində kompensasiya etmək fikrinə düşmüş ola bilərlər.
Əlbəttə ki, bu, sadəcə bir ehtimaldır, amma bu ehtimalı variant kimi qəbul edəndə, çox mətləblər aydınlaşır. Məsələn, niyə bölgədə kənar dövlətin hər hansı formada hərbi-siyasi iştirakını istəməyən İranın xarici işlər naziri məhz bu ərəfədə Azərbaycana və Ermənistana səfər edir? Sözsüz, hazırda Tehranın Bakı və İrəvan ilə danışacağı çox mətləblər var, amma səfərin məhz Laçın, Kəlbəcər və Naxçıvan sərhədlərində insidentlər fonunda baş tutması düşündürücü detaldır.
Niyə Avropa Birliyinin xarici siyasət idarəsi dərhal Paşinyanın təklifini alqışlayır və köməyini təklif edir?
Niyə baş nazir sərhədlə bağlı təklifi səsləndirən kimi ölkənin xarici işlər naziri Ara Ayvazyan müəmmalı şəkildə istefa verir?
Bu, Paşinyanın komandasında son yarım ildə istefa verən artıq ikinci xarici işlər naziridir. Onun sələfi Zöhrab Mnatsakanyan 10 noyabr sazişi imzalanan kimi vəzifəsindən getmişdi. Aydındır ki, həmin şəraitdə Mnatsakanyanın yerinə gətirilən adam Rusiya üçün məqbul fiqur olmalı idi. Və indi həmin fiqur da istefa verirsə, düşünməyə dəyər. Ümumiyyətlə, xarici işlər nazirinin istefası, xüsusilə də belə bir həssas məqamda bu cür mübhəm istefası xırda məsələ deyil. Üstəlik, Ermənistanın sosial şəbəkəsində dolaşan söhbətlərə görə, xarici işlər nazirinin 4 müavini də istefa verməyə hazırlaşır. Onlardan ikisi – Qagik Qaleçyan və Artak Apitonyan artıq ərizələrini də yazıblar. Bu, hökumətdə ciddi diplomatik-ideoloji böhranın olmasından xəbər verir. Hərçənd, böhran təkcə diplomatik və ideoloji deyil. Heç təkcə hökumətdə də deyil.
***
Hazırda Ermənistanın bütün siyasi spektrində gərginlik və böhran müşahidə olunur. Paşinyanın “Qara göl” ilə bağlı dediyi “Biz durub, gölün 30 faizinə görə vuruşası deyilik” sözləri ona qarşı böyük narazılıq yaradıb və müxalifəti əlinə güclü arqument verib. Cavabında baş nazir bildirib ki, ikinci prezident Robert Koçaryan Sarqsyanla birlikdə 1999-cu ildə Mehrini Azərbaycana verməyə hazır idi. Təbii ki, Koçaryan da bunu inkar və baş naziri yalançılıqda ittiham edib.
Seçkiyə 3 həftə qalmış bu cür qarşılıqlı ittihamlar maraqlı vəziyyət yaradır. Paşinyanın reytinqinin bir qədər ensə də, hələ də bütün rəqiblərindən üstün olması onu göstərir ki, hazırda erməni cəmiyyəti həqiqətən də yeni müharibə istəmir və bu ehtimaldan qorxur. “Vətəndaş müqaviləsi” partiyasında keçirdiyi sonuncu görüşdə Paşinyan bildirib ki, seçkidə azı 60 faiz səs toplayaraq, hökuməti yenidən təkbaşına formalaşdırmalıdırlar. Müharibəni uduzan və ölkənin sərhədlərinin təhlükəsizliniyi təmin etmək iqtidarında olmadığını etiraf edən siyasi qüvvə bu iddiadadırsa, onda sosiologiya elminin allahı da gəlsə, Ermənistandan baş açmaz. Hazırda vəziyyət çətin proqnozlaşdırılan xarakter alıb və belə görülür ki, suların durulması üçün seçkini gözləmək lazımdır.
***
Ölkə daxilində böhranın dərinləşdiyi dövrdə Ermənistanın əlavə olaraq, sərhəddə də gərginliyi artırmasını ayrı nə ilə izah etmək olar? Özü də hökumətin gətirdiyi bəhanələrin hamısı açıq-aşkar ağ sapla tikiliblər. Naxçıvan istiqamətində atəş açılmasını və bir əsgərimizin yaralanmasını Ermənistan sadəcə, inkar edir. Kəlbəcər istiqamətində gələn təxribatçılarla bağlı isə Paşinyan dedi ki guya, onlar sərhədin özlərinə aid tərəfini minalamağa gedirmişlər. Niyə?! Hansı məntiqlə dəqiqləşməmiş sərhədin ətrafı minalanmalıdır?!
Ən maraqlı məqamlardan biri sərhəddə baş verən hadisə ilə bağlı Paşinyanla baş qərargahın operativ idarə rəisi Eduard Asryanın keçirdiyi mətbuat konfransında dediklərinin üst-üstə düşməməsi idi. Paşinyan açıq şəkildə deyir ki, Azərbaycanla döyüşməyə hazırlaşmır, Asryan isə ənənəvi nağıllarını danışırdı ki, guya Azərbaycana tutduğu təxribatçıları qaytarmaq üçün 1 saat vaxt verilibmiş, amma sonra Rusiyalı sülhməramlılar işə qarışdığından, İrəvan heç bir sərt addım atmayıb. Belə çıxır ki, nə yaxşı, rusiyalı sülhməramlılar işə qarışıblar, yoxsa indi Ermənistan bizi nokauta göndərmişdi.

İlham Əliyev: - İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır.

“Ermənistan” və “yalan” anlayışlarının iki qardaş kəlmə olduğuna, aralarındakı məntiq doğmalığına öyrəncəliyik, fəqət onlar yenə də bizi hər dəfə təəccübləndirməyi bacarırlar. Bu ölkədə yalan – hətta özünüifadənin də yox, mövcudluğun formalarından biridir. Müharibə vaxtı əsgərimiz Şuşanın beş addımlığından olanda Artsrun Hovannisyan deyirdi ki, “Biz Azərbaycan ordusunun belini qırmışıq”. Yaxşı, tutaq ki, o, müharibə dövrü idi. Hərçənd, müharibə vaxtı xalqı aldatmaq da haqq qazandırılası bir hərəkət deyil, amma bunu keçək. Bəs indi baş verənləri necə izah edəsən? Bu vəziyyətdə aydın olur ki, Azərbaycanın qələbəsini təmin edən təkcə hərbi, hətta iqtisadi, siyasi, diplomatik amillər deyil, həm də çox vacib olan mənəvi ölçüdür. Çünki burada yalan yoxdur, lider isə hər kəlməsində xalqı fikirləşir. Cənab prezidentin Ağdamda söylədiyi bu sözlər onun indiyə qədər demədiklərini – deyə bilmədiklərini,- və bundan sonra deməyəcəklərini – deyə bilməyəcəklərini,- eşidib, anlamaq baxımından çox vacib idi. Dövlət başçımızın həmin sözlərinə bir də fikir verək:

- Mən öz çıxışlarımda və bütün “Twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.

Cənab Prezident indi bunu deyə bilir. Amma indi onun hələ də deyə bilmədikləri var. Biz onun deyə bilmədiklərini də eşidib, anlamağı bacarmalıyıq. Yəqin ki, bu gün bizim eşitmək istədiyimiz sözlər də vaxtı, çatanda bax, elə bu cür deyiləcəklər. Əsas odur ki, deyilənlərin hamısı səmimidir, həqiqətdir və bu düzgünlük, dürüstlük bizi güclü edir. Yalanlar içində batan Ermənistandan fərqli olaraq. Orada hər addımda bütün səviyyədən olan siyasətçiləri eninə-uzununa yalan danışırlar: Prezidentləri, baş nazirləri, baş qərargahın rəhbərləri, diplomatları, deputatları, müxalifətçiləri, jurnalistləri... Mən işimlə bağlı erməni mediasını yaxından izləyirəm və hər gün oradakı yalanın dozasına mat qalıram. Qəribədir ki, bu hamını qane eləyir. Xalq aldadıldığından narazı deyil, əksinə, ona da elə məhz bu lazımdır: keçmişləri, indiləri və gələcəkləri haqqında yalanlar. Sanki bütün erməni xalqı hansısa kütləvi uyuşdurucunun təsiri altındadır, yalanlardan eşidib, xumarlanırlar. Amma bəzən siyasətçilər ehtiyatla onun qulağına “gəlmişəm otağına, oyadam səni” tərzində nəsə pıçıldamağa çalışırlar. Məsələn, Robert Koçaryanın dediklərinə fikir verək: “Biz zəifləmiş vəziyyətdəyik. Onların bizə təzyiq etmək imkanı var. Bu gün biz danışıqların tamhüquqlu tərəfi deyilik. Bizim bütün ümidimiz ancaq Rusiyayadır. Və kim nə deyirsə, o dəqiqə top Rusiya tərəfə atılır”.
Koçaryanın məhz indiki məqamda seçkiqabağı reytinqinə mənfi təsir edəcəyini bildiyi halda, bu sözləri deməsi təsadüfdürmü? Yoxsa o, Rusiyanın adamı olaraq, öz xalqına Rusiyanın Ermənistanın taleyində oynadığı rolu xatırlatmağa məcbur qaldığı üçün bu sözləri deyib? Əgər Paşinyan doğrudan da, ABŞ və Fransa sülhməramlılarını sərhəd bölgəsinə gətirməyə çalışırsa, onda aydındır ki, Rusiya bütün mümkün vasitələrlə bunun nə demək olduğunu Ermənistana anlatmağa çalışacaq. Bu, açıq şəkildə Koçaryanın dililə də ola bilər, örtülü şəkildə erməni həmkarı Vaqarşak Arutyunyanla görüşən müdafiə naziri Sergey Şoyqunun dililə də, tamamilə sösüz şəkildə isə Ara Ayvazyanın istefası ilə də. Görünən odur ki, hazırda bütün bu proseslər yeni düyünlənmə nöqtəsinə doğru gedir.

Teqlər: AzVision   Real-TV