“Ağdam regionun sənaye mərkəzinə çevriləcək” - Vüqar Bayramov

 “Ağdam regionun sənaye mərkəzinə çevriləcək” -  Vüqar Bayramov
  31 May 2021    Oxunub:1779
Ağdam ölkəmizdə sayılı rayonlardandır ki, torpaqlarının 92 faizdən çoxu məhsuldardır. Bu da aqrar sektorun inkişafına geniş imkanlar yaradır.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. İqtisadçı deputat bildirib ki, Ağdamda kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sektorlarının inkişaf potensialı yüksəkdir:
Qarabağın “giriş qapısı”nda altı hərəkət zolaqlı yol inşa edilir - VİDEO
“Təsdiq olunmuş Baş Plan göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir”.

Deputat qeyd edib ki, dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur.

“Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur”.

Ağdamın turizm potensialına malik olduğunu deyən V.Bayramov bildirib ki, rayonun təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir: “Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir.

İşğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma və iqtisadiyyatın formalaşması Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək. İlkin proqnozlara görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyərin yaradılmasına imkan verəcək ki, bu da sənayedə və Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək”.

Deputat, həmçinin vurğulayıb ki, Ağdamda yaradılacaq sənaye parkında inşaat materialları, kənd təsərrüfatında emaledici məhsullar, o cümlədən şərab, gübrə məhsullarının istehsal edilməsi nəzərdə tutulur: “Eləcə də burada xüsusi soyuducu anbar və xidmət sferası fəaliyyət göstərəcək. Sənaye parkı imkan verəcək ki, emaledici sahələr üzrə 33 sahibkar cəlb olunsun. Ağdamda yolların geniş olması, fərqli nəqliyyat növlərindən tramvay və digər xidmətlərindən istifadə edilməsi nəzərdə tutulur. Bu da vətəndaşların nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması və daha rahat, uyğun nəqliyyatın istifadəsi baxımından vacib hesab olunur. Bütövlükdə Baş Plana uyğun formalaşacaq nəqliyyat infrastrukturunda yalnız bu günün və yaxın illərin deyil, bütövlükdə gələcək tələblər nəzərə alınıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam   Sənaye   Kənd-təsərrüfatı  





Xəbər lenti