Ombudsman uşaqlarla bağlı müraciət yaydı - VİDEO

  31 May 2021    Oxunub :407
Ombudsman uşaqlarla bağlı müraciət yaydı -    VİDEO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı videomüraciət edib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, Səbinə Əliyeva 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik edib, onlara uğurlar və layiqli vətəndaş olmağı arzulayıb.

Müraciətdə deyilir:

"Gələcəyimiz olan uşaqların xoşbəxt olması üçün biz böyüklər onları diqqət və qayğı ilə əhatə etməliyik!

BMT-nin Uşaq Hüquqları Konvensiyasında və digər mühüm sənədlərdə uşaqlarla bağlı təsbit olunan hüquqların həyata keçirilməsi, onların təhlükəsiz, bərabər, tolerant və sağlam mühitdə yaşamaqları, layiqli həyat səviyyələrinin təmin edilməsi bütün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu öhdəliklərin həyata keçirilməsində milli insan hüquqları institutları xüsusi önəmə malikdir".



Ombudsman qeyd edib ki, uşaqların hərtərəfli inkişafı və maraqlarının qorunması istiqamətində göstərilən səylərə baxmayaraq, əfsuslar olsun ki, müasir dünya reallığında onlar müharibələr, yoxsulluq, ciddi xəstəliklər, böyüklərin laqeydliyi, zorakılıq, zərərli məlumatlar və digər bu kimi təhlükələrə məruz qalırlar:

"Təəssüflə qeyd edirik ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olub, 50-si yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə çoxsaylı belə hallar olub.

Ermənistanın ötən ilki hücumları həm də istedadlı uşaqların həlak olmasına, onların təhsil, idman, incəsənət və digər sahələrdə gələcəyə dair arzularının puç olmasına səbəb oldu. Onlardan biri də gənc futbolçu Şəhriyar Qurbanov idi.

Gəncə şəhərinə edilən raket hücumu nəticəsində Rusiya Federasiyasının vətəndaşı Artur Mayakovun da həlak olması Ermənistanın törətdiyi cinayətlərin dilindən, dinindən, milli, etnik, sosial mənşəyindən və digər əlamətlərindən asılı olmayaraq uşaqların qurbana çevrilməsinə səbəb olduğunu bir daha sübut etdi.

Azərbaycan isə heç bir əlamətinə görə ayrı-seçkiliyə yol vermədən, hər bir uşağın hüquqlarına hörmət bəsləyir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşamasını təmin edir".

Müraciətdə vurğulanlr ki, Ermənistan dəfələrlə 1949-cu il Cenevrə Konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla bir çox beynəlxalq hüquq normalarını kobud şəkildə pozub: "Təəssüf ki, ermənilərin basdırdığı və xəritələrini vermədiyi çoxsaylı minalar hələ də uşaqlar da daxil olmaqla, mülki insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Lakin Ermənistana qarşı hələ də heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməyib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, həmçinin 4 iyun - Aqressiyanın Günahsız Uşaq Qurbanlarının Beynəlxalq Günü ərəfəsində dünya birliyini uşaqları müharibədən, zorakılıqdan qorumaq, onlarla bağlı hüquq normalarını təmin etmək və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan hədəflərə nail olmaq üçün səyləri birləşdirməyə, uşaqlara qarşı ayrı-seçkiliyə yol verməməyə, uşaqlara qayğı ilə yanaşmağa və dəstək verməyə çağırıram!

Gəlin bu günümüz və gələcəyimiz olan uşaqları birlikdə qoruyaq və onların hüquqlarını təmin edək!”

Azvision.az

Teqlər: