“Azərbaycanda toylar iqtisadiyyatın gizli draveridir” – Ekspert

  31 May 2021    Oxunub :603
   “Azərbaycanda toylar iqtisadiyyatın gizli draveridir” –    Ekspert
Hazırda ölkədə əsas müzakirələrdən biri toylara nə vaxt icazə veriləcəyidir. İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bu məsələyə fərqli tərəfdən baxmağı lazım bilir. Onun sözlərinə görə, toylar Azərbaycanda heç də təkcə “el şənliyi” yox, iqtisadiyyatın gizli drayveridir.
- “Gizli drayver” deyəndə ilk baxışdan ciddi görünməyən, amma dolayısı ilə prosesə əhəmiyyətili təsir göstərən faktorlar nəzərdə tutulur. Misal üçün, bir sıra ölkələrdə aparılan araşdırmalar göstərib ki, əyalətlərdə internetin inkişafı turizmə ciddi təsir göstərir. Halbuki, ilk baxışdan hansısa kənddə internetin sürəti ilə turizm arasında birbaşa əlaqə nəzərə çarpmır. Ona görə də, bu, gizli drayverdir. Azərbaycanda məhz toylar həmin gizli drayver rolunu oynayırlar.

Ekspertin sözlərinə görə, bizdə toy – yüz minlərlə insanın çalışdığı nəhəng industriyadır: “Söhbət təkcə şadlıq saraylarından və orada işləyən personaldan (musiqiçilər, aşpazlar, ofisiantlar, operatorlar, fotoqraflar, rejissorlar, xidmətçilər) getmir. Hərçənd, ölkə miqyasında şadlıq saraylarının sayına vuranda təkcə bunlar on minlərlə işçi deməkdir. Bunlardan əlavə, toy biznesilə bir neçə səviyyədə əlaqəli olan sahələr və onların işçiləri var. Birinci səviyyədə şadlıq evlərini ərzaqla təmin edən kənd təsərrüfatı və ticarət obyektləri gəlir. İkinci səviyyədə gözəllik salonları, bərbərxanalar, paltar kirayə verən mağazalar, zərgərlər, gül dükanları, maşın icarəsi xidmətləri kimi yardımçı sahələr var. Üçüncü və dördüncü səviyyələr də mövcuddur (müğənnilərin yeni mahnılar sifariş etdiyi aranjmançılar, gül dükanlarının sifarişləri çoxaltdığı istehsalçılar və s.) Bunların hamısını cəmləyəndə söhbət yüz minlərlə insanın iqtisadi dövriyyəyə cəlb olunmasından gedir. Üstəlik, bir də onların ailə üzvlərini nəzərə alın…”

Professor diqqətilə təəssüflə belə bir məqama yönəldir ki, bizdə toylarla bağlı heç bir dəqiq statistika yoxdur. Buna görə də, söhbətin hansı məbləğlərdən getdiyi dəqiqləşdirmək olmur. Hərçənd, toy industriyasının nəhəgliyini və gizli drayver kimi rolunu nəzərə alsaq, onunla bağlı iqtisadi statistikaya və dəqiq qiymətləndirmələrə ehtiyac var.

Amma onun sözlərinə görə, bütün bunlar hələ işin yarısıdır: “Azərbaycanda toylar – həm də passiv pulları dövriyyəyə cəlb etməyin yoludur. Buna el arasında “yastıqaltı”, yaxud, “sandıq” kapitalı, “xeyir-şər” pulu da deyirlər. Tutaq ki, vətəndaşımız Əhməd döşəyinin altında “xeyir-şər üçün” 200-300 manat saxlayır. Bu, ölkədə gedən iqtisadi proseslərdən çıxarılmış passiv kapitaldır. Amma sabah toya çağırılanda (arzu edirəm ki, passiv kapitalınız həmişə xeyir işlərə xərclənsin), həmin pul gözəllik salonlarında, paltar mağazalarında xərclənir, nəhayət, şadlıq evinə, toy sahibinin cibinə gedir, bir sözlə, dövriyyəyə daxil olur. Ölkə miqyasındakı bütün əhmədlərin “sandıq kapital”larını cəmləyəndə, bu, milyonlarla manat deməkdir”.

Bütün bunları ümumiləşdirəndə, ekspertin fikrincə, toy – iqtisadi fəallığın gizli, amma vacib drayveri olduğundan, şadlıq saraylarının bağlı qalması aktivliyə ciddi təsir göstərir. Və toylara icazə verilməsi qısa zamanda həm ölkədə iqtisadi fəallığa, həm işsizliyin səviyyəsinin azalmasına təkan verəcək. Bunun əksi də doğrudur: Şadlıq sarayları bağlı qaldıqca, ölkədə iqtisadi fəallığı arzuolunan səviyyəyə qaldırmaq çətin görünür. “Ona görə də, Operativ Qərargah şərait münasib olan kimi, yubatmadan toyların keçirilməsinə icazə verməlidir. Çünki, bir də təkrarlayırıq, Azərbaycanda toy – təkcə toy deyil”,- deyə o, fikirlərini yekunlaşdırıb.

Azvision.az

Teqlər: Toy   İqtisadiyyat