“Ağdam Azərbaycan üçün həmişə strateji rayon olub” - Politoloq

 “Ağdam Azərbaycan üçün həmişə strateji rayon olub” -  Politoloq
  31 May 2021    Oxunub:912
“Prezident İlham Əliyevin Ağdama səfəri zamanı müəyyən siyasi mesajlarla yanaşı sosial-iqtisadi amillər, quruculuq işlərinin gələcək gedişatı da önə çıxdı”.

Bunu Azvision.az -a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O qeyd edib ki, hazırda regionda aparıcı gücə çevrilən Azərbaycanı qayğılandıran bir nömrəli məsələ işğaldan azad edilmiş ərazilərin uğurlu şəkildə bərpasıdır. Bu mənada deyə bilərik ki, Ağdam yenidən qurulmaqla əvvəlkindən də gözəl və mühüm şəhərə çevriləcək:

“Əlbəttə, Ağdam həm strateji, həm də iqtisadi cəhətdən Azərbaycan üçün mühüm bölgə olub. Ölkə başçısı mayın 28-də bura səfər etməklə, şəhərin bərpasının təməlini məhz bayram gününə salmaqla ümumilikdə Qarabağa dair öz vacib mesajını vermiş oldu. Ümumiyyətlə, cənab İlham Əliyevin tez-tez Qarabağ bölgəsinə səfərlərinin, burada görülən işlərə birbaşa nəzarət etməsinin şahidi oluruq. Ali Baş Komandan hər səfərində buradan siyasi mesajlarını da səsləndirir. Təqdir olunası haldır ki, uzun illər işğal altında olmuş və viran edilmiş tarixi torpaqlarımızın bərpası ilə bağlı prosesləri dövlət başçısı öz şəxsi nəzarətində saxlayır”.

Politoloq deyir ki, insanlar digər azad olunan rayonlarımız kimi Ağdama da tələsirlər. Amma hər kəs səbrli olmalıdır, ölkə başçısının tam nəzarətində olduğu Ağdamın tikintisi, qurulması uzun vaxt almayacaq:

“Düzdür, insanlar bir yandan səbirsizlənirlər, öz doğma torpaqlarına, dədə-baba yurdlarına doğru tələsirlər, bir yandan da heç kim təhlükəli torpağa ayaq basmaq istəmir. Təəssüf ki, azad olunan digər kənd və rayonlarımız kimi Ağdam da tam təhlükəsiz hala gətirilməyib. Çünki mənfur qonşumuz minalarla bağlı xəritələri hələ də üzə çıxarmır, bərpa proseslərini məqsədli şəkildə gecikdirir. Buna görə, digər azad etdiyimiz rayonlarda olduğu kimi Ağdamda da minalarla çirkləndirilmiş torpaqlar ölüm saçır. Amma heç bir əngəl bizi öz yolumuzdan döndərməyəcək. Prezidentin bərpa işlərinə yanaşmasının məğzi ondan ibarətdir ki, əsas məsuliyyət öz üzərimizə düşməlidir. Zatən biz nəyisə etmək istəyiriksə, istədiyimizə nail olacağıq. İndi qarşıda Ağdamı gözəl günlər gözləyir. Əlbəttə ki, bu işlərin 2 ilə tam qurulması bir qədər az görülür. Amma yenə də hər şey özümüzdən asılıdır. Dövlət başçısı dönə-dönə deyib ki, bu torpaqlardakı işlərin hamısı məqsədyönlü şəkildə, məsuliyyətlə getməlidir”.

Tofiq Abbasovun sözlərinə görə, tarixi qələbə ilə diqqət çəkmiş Azərbaycana beynəlxalq aləmdə diqqət artıb. Şuşa və digər bölgələrdə olduğu kimi Ağdamda da əcnəbi investorların layihələri reallaşa bilər:

“Bərpa işlərində, iqtisadi layihələrdə aidiyyəti olan təşkilatlar da yaxından iştirak etməlidirlər. Ali Baş Komandan azad olunan ərazilərdə yalnız siyasi mesajlar səsləndirmir, müəyyən sosial-iqtisadi proseslərlə bağlı ortaya konkret fikir və təkliflər də qoyur. Yəni bərpa işlərində konkretlilik başlıca rol oynamalıdır ki, ölkə başçısı da bunu tələb edir. Ağdamda eyni mövqeni gördük.

Hazırda genişmiqyaslı bərpa məsələləri dünya birliyində fəallığı ilə seçilən biznes, işgüzar dairələrin diqqətindədir. İndiyə kimi şirkətlərdən çoxsaylı müraciətlər gəlirdi ki, onlar Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərmək planlarını nəzərdən keçirir, investisiya fəallığı nümayiş etdirəcəklər. Düşünürəm ki, artıq Ağdamın gələcəyi ilə bağlı planlar açıqlandı və rayon investorlar üçün də cəlbedici olacaq. Rəsmi Bakı hər zaman xarici investorlar üçün geniş imkanlar yaradıb, bərpa işlərində də bu imkanlar yaradılacaq. Ölkə başçısının Ağdama baxışı onu göstərdi ki, bura yenidən qurulan böyük rayon olacaq. Ağdamda işlərin tələsik şəkildə görüləcəyinə də inanmıram. Bu proses elə həssas məsələdir ki, tələskənliyə yol vermək olmaz. Biz nə ləngiməliyik, nə də tələskənlik edib, Ağdamı incə detallara fikir vermədən qurmalıyıq”.

Politoloq bölgədə təxribatçı meyllərin artmasına da diqqət çəkib:

“Biz Ağdamın möhtəşəm şəkildə bərpasına başlanmasının fonunda görürük ki, ermənilərin təxribatçı əməlləri də artır. Separatçılardan tutmuş Ermənistan ordusuna qədər mövqelərimizə qarşı atəş açılması müşahidə olundu. Məncə, bunun özü də azad olunan ərazilərdə gərginlik, çaşqın və riskli bir vəziyyətin yaradılmasına hesablanıb. Amma son söz ordumuzun, sərhədçilərin, xüsusi xidmət orqanlarınındır. İstənilən təxribatın qarşısı hər zaman alınacaq. Bundan sonra nəinki Ağdam, digər ərazilərdə də aktiv işlər görüləcək, Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qarabağ əvvəlki görkəminə qayıdacaq.

Ona görə də Prezidentin əsas tapşırığı ondan ibarətdir ki, biz bütün işləri məqsədyönlü şəkildə, təmkin və ağılla, resurs və vaxt itkisinə yol vermədən uğurla həyata keçirək. Bir sözlə, Ağdamda, Qarabağda çoxsaylı qayğılarımız var. Prezidentin ortaya qoyduğu sistemli yanaşma elə bir imkan yaradacaq ki, vaxt və resurs itkilərinə yol vermədən prosesləri təmin edə bilək. Ağdamda olan açılışlar və burada səslənən fikirlər yaxın gələcəkdə ümumən Qarabağın uğurla qurulacağını bir daha göstərdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam   Bərpa   Politoloq   Prezident  





Xəbər lenti