“Şəhərin simvolları, koloriti və memarlıq üslubu qorunacaq” - Ağdamın deputatı

“Şəhərin simvolları, koloriti və memarlıq üslubu qorunacaq” -  Ağdamın deputatı
  31 May 2021    Oxunub:1774
“Ağdam şəhərinin təməlinin qoyulmasının məhz 28 May - Respublika Gününə salınması təsadüfi deyildi. Azərbaycan ilk cümhuriyyətini qurduğu bu tarix artıq bizim üçün ikiqat bayram oldu”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas deyib.

Deputat bildirib ki, mayın 28-i ağdamlılar üçün bayram bayrama qarışmışdı və ən əsası Respublika Günündə dövlət başçımızın işğaldan azad edilən rayona səfər etməsi mühüm siyasi mesaj sayılmalıdır:

“Mayın 28-də reallaşan bu səfərlə bütün dünyaya bəyan edildi ki, artıq Ağdam azaddır, əsl tarixi sahibinin əlindədir və yeni şəhər ilk təməl daşını qəbul edir. Yəni bu mənada düşünürəm ki, Ali Baş Komandan Ağdama səfərini 28 may gününə salmaqla mühüm siyasi addım atdı.

Cənab Prezident Ağdamda çıxışı zamanı rayonun gələcəyi ilə bağlı məsələlərə geniş şəkildə aydınlıq gətirildi. Vətəndaşlarımız Ağdamın necə şəhər olacağını, bununa bağlı layihələri görüblər, artıq ağdamlılar, ictimaiyyət quruculuq işlərindən tam agahdırlar. Çünki neçə vaxtdır hamının gözü Ağdamda idi. Möhtərəm Prezidentimiz yeni bir şəhərin təməlini qoydu və biz layihələrlə tanış olarkən gördük ki, bütün rayonun, keçmiş Ağdamın simvolları, koloriti və memarlıq üslubu da qorunub saxlanılacaq. İnsanlarda, Ağdam camaatında sual yaradan əsas məsələlərdən biri bu idi ki, gələcəkdə rayonun görünüşü əvvəlki koloritində olacaqmı? İndi aydın oldu ki, daha gözəl və yeni bir möhtəşəm, dünyaya nümunə olacaq, 100 minlik şəhər qurulacaq”.

Ağdama hər zaman bağlı olduğunu deyən deputat burada tramvay xəttinin salınacağını gözləmədiyini qeyd edib:

“Sözün düzü, Ağdamda trolleybus olacağını düşünürdüm. Bu bölgə digər azad olunan rayon və şəhərlərimiz kimi “yaşıl zona” olacaq. Yəni trolleybus da ekoloji nəqliyyat vasitəsi sayılır deyə, tramvaydan çox trolleybusun burada qurulacağını xəyal edirdim. Amma tramvay xəttinin olacağını mayın 28-də rayonda olarkən öyrəndim. Daha rayonu Qafqazın Hirosiması kimi təqdim etməyəcəyik. Burada geniş prospektlər olacaq, yollar, velosiped yolu, küçələr ideal şəraitdə qurulacaq. Yeni meşə zolağının salınması məni çox sevindirdi. 60 metr enində heç Bakıda küçə yoxdur. Ümumilikdə Azərbaycanda belə 60 metr enində yolu olan prospekt yoxdur ki, bu Ağdamda qurulur”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam   Aqil-Abbas  





Xəbər lenti