Ağdamda Zəfər və İşğal muzeyləri necə olacaq? - DETALLAR

 Ağdamda Zəfər və İşğal muzeyləri necə olacaq? -  DETALLAR
  31 May 2021    Oxunub:1393
27 ildən sonra işğaldan azad olunan və hazırda dövlət bayrağımızın qürurla dalğalandığı Ağdam rayonunda İşğal və Zəfər muzeylərinin yaradılması barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib. Ağdam İşğal və Zəfər muzeyi kompleksinin ümumilikdə 22,5 hektar ərazini əhatə etməsi nəzərdə tutulur.
Bu barədə Azvision.az -a Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva məlumat verib.

O bildirib ki, Ağdam İşğal Muzey Kompleksi düşmən işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani olaraq nümayiş etdirilməsi məqsədi daşıyır: “Kompleksin Ağdam şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş olunması nəzərdə tutulur. 18 hektar ərazini əhatə edəcək bu kompleks müasir üslubda dizayn ediləcək, muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaq”.

N.Abdullayeva qeyd edib ki, Ağdam Zəfər Muzeyi Kompleksi Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, həmçinin qazanılan qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq.

“4,5 hektar ərazini əhatə edən kompleks müasir dizayna malik bina, bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaq. Ağdamda Prezident İlham Əliyev tərəfindən bayrağın qaldırıldığı ərazidə bayraq meydanı inşa ediləcək. Muzey və arena bu meydanın yaxınlığında yerləşəcək. Hər iki muzey kompleksi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq", - deyə şöbə müdiri əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam rayonuna səfər edərkən burada Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təmələni qoyub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam   Muzey  





Xəbər lenti