Minadan sonra PUA təxribatı: Erməni terrorunun kökünü necə kəsməli?

  Minadan sonra PUA təxribatı:  Erməni terrorunun kökünü necə kəsməli?
  01 İyun 2021    Oxunub:2001
Son günlər Ermənistanın Azərbaycanla sərhəddə təxribatları ara vermir.
Erməni hərbçilər əvvəllər quru yolla təxribatlara əl atırdılarsa, dünən müharibədən sonra ilk dəfə hava məkanında da təxribata cəhd ediblər. Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. PUA bölmələrimiz tərəfindən xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Müharibənin bitməsinə, təmas xəttinin aradan qaldırılmasına baxmayaraq, İrəvanın hərbi təxribatları indi də sərhədlərə daşımasında məqsədi nədir? Ordusu tamamilə məhv edilmiş ölkənin Azərbaycanla sərhəddə qarşıdurmaya cəhdlər etməsinin arxasında nələr dayanır?



Ermənistanın sərhəd təxribatlarını Azvision.az -a şərh edən hərbi ekspert Ruslan İmanquliyev deyib ki, əslində son hadisələr terrora cəhd kimi qiymətləndirilməlidir:

“Bundan əvvəlki illərdə tarixi torpaqlarımız işğal altında saxlanılırdı deyə, ortada xoşagəlməyən qanunsuz bir təmas xətti yaranmışdı. Qarşı tərəf isə, bu təmas xəttinin olduğu vəziyyətdə tez-tez bizim öz ərazilərimizdə qanunsuz hərəkətlərə yol verirdi. Təbii ki, indi bərpa olunmuş dövlət sərhəddimiz var. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib. Bizim tək Ermənistanla deyil, digər ölkələrlə də sərhəddimiz mövcuddur. Hər hansı bir dövlətlə sərhəddə bu cür hallar baş versəydi belə bunu müxtəlif istiqamətlərdə qiymətləndirmək olardı. Bu gün baxmayaraq ki, Ermənistanla sərhəddə demarkasiya və delimitasiya işlərinə başlamışıq, İrəvanın bu cür təxribat fəaliyyətlərinin davamını sərhədlərə daşıması, kəşfiyyatçı diversant qrupları ərazilərimizə göndərməsi və son olayda texniki vasitələrdən istifadə etməsini birmənalı olaraq terrorizm adlandırardım. Çünki bu tam olaraq müəyyən beynəlxalq normativlərin pozulmasıdır”.



Ekspert deyir ki, PUA olayından öncəki hadisələrdə də terror əməlləri özünü büruzə verirdi. Sərhədi gizli şəkildə keçərək başqa ölkənin ərazilərində minaların basdırılması kimi qanunsuz əməllərin bir adı var, bu da terrorçuluqdur:

“Belə hadisələr Azərbaycan ərazilərinə edilmiş qəsddir. Son təxribatlar birmənalı olaraq terror əməlləri kimi qiymətləndirilməlidir. Ona görə ki, sabah beynəlxalq müstəvidə də bu cür əməllərin adı rahatlıqla terrorizm kimi qoyula bilsin. Məsələn, Türkiyə bu cür əməllərə yol verən terror qruplarına, PKK-ya qarşı hərbi əməliyyatlar keçirir və beynəlxalq aləmdə PKK-nın təxribatları terrora cəhd kimi qiymətləndirilir. Eyni şəkildə onlar da Türkiyə ərazisində qanunsuz əməllərə yol verirlər. Terrorçular Türkiyəyə müəyyən basqınlar edir, yaşayış məntəqələrində təxribatçı əməllər törədir, minalar basdırır, texniki vasitələrdən qanunsuz şəkildə istifadə edirlər və s. Amma Ankara bu qrupların Türkiyə ərazilərində əməllərinin qarşısını tam alır. Hərbçilər bununla kifayətlənməyərək terror qruplarına öz ərazilərində yataqlıq vermiş ölkələrdə belə anti-terror əməliyyatları reallaşdırırlar. Türkiyə tez-tez həmin dövlətlərin ərazilərində terror kamplarını darmadağın edir. İraqda, Suriyada bu ölkənin həyata keçirdiyi hərbi əməliyyatlar göz önündədir”.



Ruslan İmanquliyev qeyd edib ki, bu gün Ermənistan oxşar fəaliyyətlərə davam edirsə, terrorçu qruplarını Azərbaycanın qanuni ərazilərinə göndərirsə, sabah bununla yetinməyib daha dərinliklərdəki şəhər və kəndlərimizə də göndərə bilmək ehtimalı hər zaman olacaq. Ermənistan bir dövlət olaraq terrorizmin arxasında durduğunu bəyan edib, terrorist ölkə olduğunu açıq şəkildə göstərir. Biz də buna qarşı öz fəaliyyətimizi qurmalıyıq:

“Çünki bu mövzuda beynəlxalq normativlərdə dünya dövlətlərinin həmrəyliyi mövcuddur. Azərbaycan da sülhməramlı qismində İraq, Əfqanıstan və Suriyadakı fəaliyyətlərdə aktiv şəkildə iştirak edir. Biz Ermənistanın terrora sahib çıxdığını, etiraflarını bu şəkildə beynəlxalq müstəvidə qiymətləndirməliyik. Təbii ki, oxşar hallar təkrarlansa, gedib Ermənistan ərazisində məskunlaşdırılmış terrorçu kampını zərərsizləşdirib darmadağın etdikdə, müəyyən anti-terror əməliyyatları keçirdikdə, bu ölkənin heç bir beynəlxalq təşkilata, dövlətə müraciət etməyə hüququ olmayacaq. Bəli, bu gün onların törətdiyi əməlləri tam olaraq terror cəhdləri saymaq olar. Bunu beynəlxalq müstəviyə daşıyıb geniş şəkildə ictimailəşdirməliyik ki, oxşar təxribatların davamı gəlməsin”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Terror   Təxribat   Sərhəd   Ermənistan   Ruslan-İmanquliyev  





Xəbər lenti