“Ağdam turizm üçün maraqlı istiqamətdir” - Kənan Quluzadə

 “Ağdam turizm üçün maraqlı istiqamətdir” -  Kənan Quluzadə
  01 İyun 2021    Oxunub:1203
Baş Planda göstərildiyi kimi, Ağdamda müasir şəhər qurulacaq. Bununla əlaqədar olaraq, hazırda Ağdamda işgüzar turizm imkanları nəzərdən keçirilir.
Bu barədə Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Qurum rəsmisi Ağadamın mədəniyyət və tarix turizmi potensialının da olduğunu diqqətə çatdırıb:

“Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin turizm potensialı çox zəngindir. Həmin ərazilərin turizm cəhətdən inkişafına iki yanaşma mövcuddur. Birincisi klastr yanaşması, digəri tematik yanaşmadır. Tematik yanaşma deyəndə müəyyən mövzulara aid marşrutların qurulması, məhsulların yaradılmasıdır. Məsələn, alban irsi, Qarabağ xanları irsi, mədəniyyət, mətbəx və digərləri nəzərdə tutulur. Klastr yanaşma deyəndə müəyyən ərazilərdə turizmin aparıcı sahə olması əsas götürülür. Kəlbəcər, Şuşa və Ağdam ilk növbədə olanlardır. Kəlbəcərdə sağlamlıq, qış, mədəniyyət, tarix turizm növlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Şuşada bunlarla yanaşı, festivallar da əsas olacaq. Ağdamın turizm istiqaməti işgüzar səfərlə bağlı daha çox maraq doğurur”.



K.Quluzadə bildirib ki, Ağdama turistlərin cəlb edilməsi üçün Zəfər marşurutu üzərində işlənilir.
“Bu, o cümlədən “qara turizm” deyilən istiqamətdir. Burada işğalın nəticəsində dağıdılmış tikilələrin göstərilməsi nəzərdə tutulur. Bu istiqamətə də baxılır. Ağdam turizm üçün maraqlı istiqamətdir. Biz düşünürük ki, turizm bu regionun aparıcı inkişaf istiqamətlərindən biri olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam   Turizm  





Xəbər lenti