Evsizlərin nəzərinə: Güzəştli mənzilləri necə almaq olar - QAYDALAR

 Evsizlərin nəzərinə:  Güzəştli mənzilləri necə almaq olar -  QAYDALAR
  02 İyun 2021    Oxunub:5674
Xəbər verdiyimiz kimi, Hövsan Yaşayış Kompleksində inşa olunan 9 binanın ümumilikdə 307 mənzili üzrə satışlar 1 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq. Mənzillərin satışı 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 6 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq, 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

Sosial layihə olan "Güzəştli mənzil"lərin satışı daim insanların marağındadır. Bunu təqdim olunan mənzillərin qısa zamanda satın alınması da təsdiqləyir.

Azvision.az mövzunun aktuallığını nəzərə alaraq kimlərin sosial layihədən yaralana biləcəyini araşdırıb.

Güzəştli şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, satılacaq mənzillərin qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağı olsun. Eyni zamanda, vətəndaşlar mənzilin dəyərini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka krediti vasitəsilə də 3 ildən 30 ilədək müddət ərzində aylıq ödəmək imkanı əldə edirlər. Güzəştli şərtlərlə satışa çıxarılan mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir.



“Güzəştli mənzil”lərə kimlər sahib ola bilər?

- şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)

- Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları)

- məcburi köçkün və ya ona bərabər tutulan şəxs

- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs

- ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs

- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)




Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub. Müvafiq dəyişikliklə, gənc ailə üzvü olan “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları” da güzəştli mənzil əldə edə biləcəklər.

Qeyd: Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir.

Bundan əlavə, güzəştli mənzilləri yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər də əldə edə bilərlər. Bunlar aşağıdakılardır:

- elmlər doktoru elmi dərəcəsi olan şəxs

- ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs

- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)

- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs

- ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
(müraciətləri qəbul edilən elmi işçilərin çalışdığı elmi müəssisə və təşkilatların siyahısı)

- ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərdir.

Nəzərə almaq lazımdır ki, güzəştlə alınan mənzil 3 il müddətinə satıla, bağışlana və icarəyə verilə bilməz.



Hər iki yeni kateqoriyaya aid şəxslər Elektron İmza və ya Asan İmzadan istifadə edərək "Elektron hökumət” portalında (www.e-gov.az) qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra burada yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. Satışa çıxarılacaq güzəştli mənzillər barədə elan çıxanda şəxsi elektron kabinetə bildiriş gəlir. Vətəndaş burada satışa çıxarılmış mənzillərin yerləşdiyi şəhərcik, binalar və mənzillərin interyeri ilə elektron qaydada tanış olmaq imkanı əldə edir. Bəyəndiyi mənzili elektron qaydada seçir. Ödəniş üsulu ilə bağlı təsdiq aldıqdan sonra müvafiq müqavilənin imzalanması üçün dəvət alır.



Qeyd edək ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məqsədilə 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılıb. Agentliyin fəaliyyət göstərdiyi dövrdə “Güzəştli mənzil” sistemi vasitəsilə ümumilikdə 2288 mənzil vətəndaşlara təqdim edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 1345 nəfərinin yaşı 35-ə qədərdir. Hesabat dövrü ərzində (2016-2020) Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunub. Yasamal Yaşayış Kompleksində yerləşən 1633 güzəştli mənzilin satışı tam başa çatdırılıb, Hövsan Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən isə 655-nin rəsmiləşdirilməsi yekunlaşdırılıb. 21 aprel 2021-ci il tarixində isə Hövsan Yaşayış Kompleksində yerləşən növbəti 503 mənzilin satışı həyata keçirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Güzəştli-mənzil  





Xəbər lenti