Qazi atasına Milli Məclisdə vəzifə verildi - FOTO

 Qazi atasına Milli Məclisdə vəzifə verildi -  FOTO
  02 İyun 2021    Oxunub:2165
Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunub.
Azvision.az xəbər verir ki, Parlamentin Sədri Sahibə Qafarovanın imzaladığı sərəncama əsasən, əvvəllər sözügedən şöbədə sektor müdiri vəzifəsində çalışan Eldar İsmayıl oğlu Əsgərov həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır. İxtisasca hüquqşünas olan, iki övlad atası Sabir Əsgərov öncə Füzuli rayonunda bir neçə kəndin mənfur erməni işğalçılarından azad edilməsində iştirak edib. Sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılaraq o ərazidəki yüksəkliklərin ələ keçirilməsində şücaət göstərib. Şiddətli əks-hücum əməliyyatlarından birində sol ayağından ağır qəlpə yarası alsa da axşamdan səhərə qədər səngər yoldaşlarına kömək edib.



44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Sabir Eldar oğlu Əsgərov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. Qazinin atasının Milli Məclisdə belə bir yüksək vəzifəyə təyin olunması isə Vətən müharibəsi iştirakçılarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilməsinin daha bir nümunəsidir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qazi   Ata   MM   Vəzifə  





Xəbər lenti