Makronun qərəzli və zərərli dəst-xətti - ŞƏRH

 Makronun qərəzli və zərərli dəst-xətti -  ŞƏRH
  02 İyun 2021    Oxunub:918
Ötən gün Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bəzi xoşagəlməz fikirlər səsləndirib.
Fransa prezidentinin ölkəmizin maraqlarına zidd olan açıqlamasına dərhal rəsmi Bakıdan cavab gəlib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Makronun ermənipərəst mövqeyini qınayaraq, Parisi qərəzli yoldan çəkinməyə çağırıb.

XİN-in Makrona cavabında deyilir: “Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir.

Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir".



Məsələni Azvision.az –a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Fransa rəhbərinin anlaşılmaz davranışları müəyyən bir dövrə qədər davam edəcək. Onun sözlərinə görə, Fransa hakimiyyəti hazırda Ermənistanın güdazına gedərək öz dövlətinin maraqlarına zidd hərəkət edir.

"Fransanın maraqları Azərbaycanla çox vaxt kəsişir. Ölkəmizlə sıx iqtisadi münasibətlərin qurulması onların hər zaman maraqlarında olub. Azərbaycan-Fransa ticarət mübadiləsi ilə bağlı rəqəmlərə nəzər salsaq görərik ki, Paris üçün regionda əsas ticarət partnyoru Bakı sayılır. Fransız sərmayəçilər bölgədə daha çox ölkəmizə yatırımlar etməkdə maraqlı görünürlər. Belə olan halda ardıcıl şəkildə İrəvanın maraqlarına uyğun davranışlar sərgiləmək anormallıqdır, siyasi bəsirətçilikdir. Makron uzaqgörən siyasət sərgiləmir. Ona görə də düşünmürəm ki, Fransa ölkə olaraq hazırkı tendensiyanı uzun müddət davam etdirsin. Makron zatən nə vaxtsa hakimiyyətdən gedəcək”.

Politoloqun fikrincə, gələn il Fransada keçiriləcək prezident seçkiləri xarici siyasətlə bağlı sərgilənən bu anormal durumu xeyli dəyişə bilər. Ehtimal edilir ki, Makrondan sonra normal bir insan, daha səriştəli siyasətçi hakimiyyətə gəlsin:

“Yeni siyasi qüvvələr Azərbaycana qarşı qərəzli mövqeni dəyişdirəcəklər. Fransa rəhbərinin son açıqlamaları ona görə belə ziddiyyətli və qərəzli alındı ki, burada Paşinyan amili də var. Paşinyan Makronu inandırıb ki, o, hakimiyyətdə qalsa, regionda Fransanın maraqlarını təmin edəcək. Ona görə də, fransız prezident həmkarının hiyləsinə uyub. Amma Paşinyana aldanmaq da onun siyasi dəst-xəttinə bəraət qazandırmır. Çünki bu zərərli və qərəzli xətt artıq Fransanı Minsk qrupundakı rolundan uzaqlaşdırıb. Əgər qərəzli açıqlamalar və ittihamlar davam etsə, Fransa ümumiyyətlə regiondan təcrid olunacaq. Yalnız Ermənistanda şərti olaraq dayaqları qalacaq”.

İlqar Vəlizadə Makronun regiona qayıtmaqla bağlı açıqlamasını anormal yanaşma kimi qiymətləndirir:

“Onun bu sözləri çox ziddiyyətlidir. Necə yəni qəti şəkildə regiona qayıdacağıq? Bəs indiyə kimi bölgədə nə edirdiniz? Yeri gəlmişkən, bu ölkədə media və digər vasitələrlə Fransa cəmiyyətinin, elə Makron hakimiyyətinin də gözünü açmaq lazımdır. Onları faktlarla üz-üzə qoymalıyıq. Fransa Azərbaycana bir neçə milyardlıq yatırımlar edib. “Total” şirkəti yay aylarında Abşeron yatağından ilkin qaz istismarı ilə məşğul olacaqdı. Bu da Avropanın enerji təhlükəsizliyinə böyük töhfə sayılır. Yəni Fransa indiyə qədər regionda deyildimi? Makron sadəcə səriştəsiz və məsuliyyətsiz bəyanatlar səsləndirən rəhbərdir. Fransanın indiki iqtidarının ortaya bu cür yanaşma qoyması yalnız və yalnız siyasi bacarıqsızlıqdan irəli gəlir. Rəhbər şəxslər bunları bilmirlərsə, unudurlarsa, buyurub fransız ekspertləri danışdırsınlar. İqtisadi və siyasi başbilənlər regional prosesləri rəhbərlərə, ümumilikdə cəmiyyətə yaxşı izah edərlər. Bu 30 il ərzində Fransa regionda olub, var və yəqin ki, olacaq da”.

Politoloq onu da xatırladıb ki, rəsmi Paris bizimlə ciddi layihələrə qol qoyub. Hətta Fransa bir neçə il əvvəl Azərbaycanda böyük tədris mərkəzi açıb:

“Açılışda iştirak etmiş keçmiş prezidentlərindən də gedib soruşsunlar ki, Parisin regionda hansı rolu olub. Sadəcə, Makron və onun komandasının dırnaqarası səyi sayəsində bu rol mənfiyə doğru geri çəkildi. Bu ziddiyyətli açıqlamalar bir daha ondan xəbər verdi ki, indiki hakimiyyət yaramaz, öz işini bilməyən siyasətçilərdən ibarət bir komandadır. Onlar öz ölkəsinin maraqlarını görməzdən gələn insanlardır.

Bir sözlə, fransız rəhbərlər geniş strateji düşüncəyə malik olmayan siyasətçilər olduqlarını bir daha sübut etdilər. Yeri gəlmişkən, fransız xalqı da indiki hakimiyyətdən ciddi şəkildə narazıdır. Bunu dəfələrlə təşkil olunmuş genişmiqyaslı nümayiş və etiraz aksiyaları da sübut edir. Beləcə, gələn ilki seçkilərdə bu komanda başqa bir yeni, daha səriştəli heyətlə əvəzlənəcək. Çox güman ki, onlar Fransanın doğru-düzgün mövqeyini önə çəkən, dövlət maraqlarını öz maraqlarından üstün tutmayanlar olacaqlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Makron   Paşinyan   Bakı   Maraq   Qərəz  





Xəbər lenti