Yevgeni Mixaylov: Paşinyan sərhəddəki təxribatlara nəzarət edə bilmir – VİDEO

  02 İyun 2021    Oxunub :1722
      Yevgeni Mixaylov:    Paşinyan sərhəddəki təxribatlara nəzarət edə bilmir –    VİDEO
Son vaxtlar Ermənistan regionda yenidən gərginlik generatoruna çevrilib. Bir tərəfdən Zəngəzur dəhlizinin reallaşdırılması prosesini hər vasitə ilə pozmağa və üzərinə götürdüyü öhdəlikdən yayınmağa çalışır. Digər tərəfdən, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına əngəl törətməklə, təxribatlar həyata keçirir. Üstəlik, Azərbaycan əleyhinə müxtəlif yalanlar tirajlamaqla, dünya birliyini çaşdırmaq istəyir.
Misal üçün, bugünlərdə Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan bəyan edib ki, sərhəddəki gərginlik səbəbindən regionda iqtisadi-nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyada işini dayandırır. Guya, komissiyanın effektiv və məhsuldar işləyə bilməsi üçün uyğun “fon” lazım imiş. Halbuki, həmin fonu pozan və komissiyanın işçi mexanizmini siyasiləşdirən də elə Ermənistanın özüdür.

Ona görə də, istər-istəməz suallar yaranır: bütün belə halları nəzərə alaraq, Azərbaycan Ermənistanı öhdəliklərini yerinə yetirməyə necə məcbur etməlidir? AzVisionun rus redaksiyasının əməkdaşı Vadim Mansurov bu mövzuda rusiyalı politoloq, İslam Əməkdaşlıq Təşkilatının ekstremizmə qarşı fəaliyyət üzrə məsləhətçisi Yevgeni Mixaylovla söhbətləşib.

Ekspertin fikrincə, hazırda sərhəddə baş verənlər Paşinyanın düşmənlərinin oyunlarıdır. Belə ki, erməni hərbiyyəsində Koçaryanın ənənəvi olaraq, çox güclü əlaqələri var və o, təxribatların təşkilinə nail ola bilir. Ölkənin daxilində vəziyyət ağırdır və Paşinyan xeyli tərəfdarı olmağına baxmayaraq, proseslərə ciddi təsir etməyi bacarmır.

Onun sözlərinə görə, Ermənistan məsələni dünya miqyasına çıxarmaqla, Qafqazı çalxalamağa çalışır. Azərbaycan təxribatlara uymayaraq, diplomatik vasitələrlə öz məqsədlərinə nail olmaqda davam etməlidir. Mixaylov düşünür ki, Paşinyana birmənalı münasibət olmasa da, hazırda Azərbaycan üçün ən münasib fiqur da məhz odur.


Teqlər: Ermənistan   Təxribat