Bağ evlərinin kirayə qiyməti: Aylığı 20 min manat olan da var

 Bağ evlərinin kirayə qiyməti:  Aylığı 20 min manat olan da var
  03 İyun 2021    Oxunub:1454
Yay mövsümünün gəlişi ilə əlaqədar Bakıda və regionlarda bağ evi kirayə götürmək istəyənlərin sayında artım müşahidə olunur. Bu isə qiymətlərə təsirsiz ötüşmür. Belə ki, yay aylarında qiymətlər digər vaxtlarla müqayisədə nisbətən artır.
Hazırda qiymətlər necədir? Bağ evlərinin bir aylıq kirayəsi neçəyədir?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Azvision.az -a bildirib ki, mövsümlə əlaqədar hər il bu tendensiya artan xətt üzrə davam edir. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq vəziyyət bir qədər müsbətə doğru dəyişməkdədir.

"Pandemiya ilə əlaqədar ötən il regionlara çıxış bağlandığı üçün Bakı və Abşeron ərazisindəki bağ evlərinə tələb kəskin şəkildə artdı və bu, qiymətlərin yüksəlməsinə səbə oldu. Bu il tələbin bir qədər aşağı olması qiymət artımının ötən illə müqayisədə daha az müşahidə edilməsinə gətirib çıxarır. Əvvəlki illərdə bazara aylıq min manata təklif olunan bağ evi 2020-ci ildə 3-4 min manat idisə, hazırda bu qiymətlər 1500-2000 manat arasında dəyişir. Elə bağ evləri var ki, qiymətləri bəzi hallarda 10 000 manata qədər artır. Hətta aylığı 15-20 minə təklif olunan bağ evlərinə də rast gəlinir".

Regionlara gəldikdə isə R.Osmanlı qeyd edib ki, turizm potensialı yüksək olan dağlıq və dağətəyi ərazilərdə fərdi yaşayış evlərinin günlük kirayə qiymətləri 30 manatdan başlayır.

"Ötən il regionlara gediş-gəliş az olduğundan qiymətlər xeyli aşağı endi. Amma bu il regionlara tələb yüksəkdir. Gündəlik kirayə qiyməti 30 manata təklif edilən həyət evi 2 otaqdan ibarət olur və orta kommunal şəraitlidir. Bu gün ölkəmizdə otellərin sayı regionlara səfər edənlərin sayına adekvat olmadığına görə, fərdi yaşayış evlərinə tələbat daha böyükdür. Düşünürəm ki, bu, hələ bir neçə il davam edəcək. Bunun nəticəsində regionlarda bu biznes sahəsinə maraq göstərənlərin sayı artır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bağ   Kirayə   Əmlak   Qiymət  





Xəbər lenti