“Formula-1” bizə nə qazandırır? - Bakı yenidən dünyanın diqqətində

 “Formula-1” bizə nə qazandırır? -  Bakı yenidən dünyanın diqqətində
  03 İyun 2021    Oxunub:2490
Dünyanı cənginə alan koronavirus pandemiyası iki ilə yaxın müddətdə bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Virusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülüb, sərhədlər bağlanıb, zaman-zaman sərt karantin rejimi tətbiq edilib. Məhdudlaşdırma siyasətinin istehsaldan tutmuş xidmət sektoruna qədər bir çox sahəni əhatə etməsi iqtisadi nəticələrə kəskin təsir edib, maddi itkilərə səbəb olub.
Dünyanın bir hissəsi olan Azərbaycan da pandemiyanın iqtisadi təsirlərinə məruz qalıb. Lakin ölkədə vətəndaşların sağlamlığının qorunması üçün vaxtında atılan qabaqlayıcı tədbirlər artıq öz müsbət nəticəsini verir. Bəzi ölkələrdən fərqli olaraq vaksinasiya prosesinə tez bir zamanda başlanılması və insanların qaydalara əməl etməsi sanitar-epidemioloji vəziyyətin stabilləşməsinə gətirib çıxarıb. Artıq yumşalmaların fonunda postpandemiya dövrünə, iqtisadiyyatın yenidən dirçəlməsinə başlanılır. Bu dövrdə iqtisadiyyatın əsas sahələrindən biri olan turizm sektoru da COVID-19-un ən çox ziyan vurduğu istiqamətlərdən olub.



Pandemiyadan əvvəl Azərbaycanın turizm potensialı beynəlxalq sərgilərdə, müxtəlif ölkələrdə geniş təbliğ edilib. İlbəil ölkəmizə gələn turistlərin sayında artımın olması, bununla ölkəyə daxil olan valyutanın artması, turizm sektorunun inkişafı da görülən işin müsbət nəticə verdiyini sübut edib. Lakin pandemiya səbəbindən sərhədlərin bağlanması, insanların hərəkətliliyinin azalması bu sektorun gəlirlərin azalmasına səbəb olub. Lakin dünyada vaksinasiya prosesinin sürətlənməsi sərhədlərin açılqmasına, ölkələrin turistləri qəbul etməsinə və turizmin canlanmasına şərait yaradır.

Bir illik fasilədən sonra ilk canlı turizm sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” də oldu. Əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Qarabağın, Şuşanın turizm potensialı dünyaya, turistlərə, investorlara və turizm şirkətlərinə təqdim edildi. Beləliklə, postpandemiya dönəmində Azərbaycan artıq yeni turizm destinasiyası ilə qapılarını turistlərə açacaq. Ümumiyyətlə, beynəlxalq sərgilər, ölkəmizdə keçirilən iri miqyaslı tədbirlər, beynəlxalq yarışlar, idman oyunları Azərbaycanın turizmini tanıtmaq, turistləri cəlb etmək baxımından əhəmiyyətlidir.



Dünya iqtisadiyyatının bir illik tənəzüllündən sonra yenidən beynəlxalq idman yarışlarının bərpa edilməsi, təxminən 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula -1 yarışının, futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölkənin təbliğatında, turizm potensialının bərpa edilməsində, ölkəyə maliyyə axınının təmin edilməsində böyük əhəmiyyətə malikdir. Bu oyunları izləmək üçün Azərbaycana postpandemiya dönəmində gələcək azarkeşlər turizm sektorunun yenidən canlanmasına səbəb olacaq.

Bu ilin 4-6 iyun tarixlərində Bakıda keçiriləcək "Formula-1" yarışının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Qran-Prinin 187 ölkədə izlənildiyini nəzərə alsaq, xeyli sayda tamaşaçının həmin zaman kəsiyində Azərbaycanın paytaxtını görmək imkanı olur. Yarışın keçirildiyi illərdə ölkəmizə gələn turistlərin artması da bunu sübut edir. Digər tərəfdən ölkəmizə xarici valyutanın daxil olması, iqtisadiyyatın canlanması baxımından da belə yarışlar əhəmiyyətlidir.

İndiyədək Formula-1 yarışları çərçivəsində Bakıya gələn qonaqların birbaşa və dolayı xərcləri əsasında Azərbaycana 506.3 milyon dollar gəlir daxil olub. Bunun da 73.8 milyon dolları birbaşa gəlirlərdə əsas yeri tutan turizm, mehmanxana və nəqliyyat sektorlarının payına düşür.



Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Azvision.az-a bildirib ki, Azərbaycanda keçirilən irimiqyaslı tədbirlər həm Azərbaycan turizmini, həmçinin zəfərimizdən, şanlı qələbəmizdən sonra yeni destinasiyasının təbliğatı baxmından geniş imkanlar yaradır.

“Böyük auditoriyaya yayımlanan yarışda şəhərimizə tamaşa edirlər. Bu da turizmə öz töhfəsini verir. Bu il Formula-1 yarışı azarkeşsiz keçirilsə də, yarışlar həmin auditoriyaya çıxır və bu, böyük kütlə üçün Bakının, Azərbaycanın turizmini gündəmə gətirir. Bundan əlavə, Avropa Çempionatının 4 yarışı iyul ayının ortasında Bakıda keçiriləcək”.



K.Quluzadənin sözlərinə görə, futbol çemionatının azarkeşləri üçün Bakı yeni turizm məkanına çevriləcək: “Həmçinin bu oyunlara azarkeşlər də gələcək. Beləliklə, pandemiya dövründən sonra ilk dəfə xarici turistlərin Azərbaycana axını olacaq. Burada çıxış edən komandaların -Türkiyə, İsveçrə və Uels azarkeşlərinin Bakıya gəlmək imkanı yaranacaq. 20-40 min arasında azarkeşin qonağımız olacağını gözləyirik. Azərbaycan onları qəbul etmək üçün hazırdır. Sadəcə ölkələrdə giriş-çıxış qaydaları fərqlidir. Məsələn, Böyük Britaniyada giriş-çıxış qaydaları bir qədər qəlizdir, karantin məsələləri var. Ona görə rəqəmlər bir qədər fərqlənə bilər. Ən çox Türkiyədən azarkeşin gələcəyini gözləyirik”.

Qurum rəsmisi onu da bildirib ki, irimiqysalı yarışlar, tədbirlər turizmin təbliğatına daha çox imklanlar yaradır.

Azərbaycan artıq neçə illərdir ki, beynəlxaq, irimiqyaslı yarışlara, tədbirlərə ev sahibliyi edir. Bir illik fasilədən sonra COVID-in yaratdığı fəsadların aradan qaldırılması, iqtisadiyyatın, turizmin canlanması baxımından hər iki yarış ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin deyə bilərik ki, bu gün ən mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu ölkəmizə verməsi uğur olmaqla yanaşı, inam və etibar göstəricisidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Formula-1   Yarış  





Xəbər lenti