“Erməni terrorçuların məhkəməsi digərlərinə də mesajdır” - Deputat

 “Erməni terrorçuların məhkəməsi digərlərinə də mesajdır” -  Deputat
  04 İyun 2021    Oxunub:1115
İyunun 2-də Birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçuların məhkəməsi başlayıb.
Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşa adlı erməni cinayətkarlar həm müharibə dövründə, həm də atəşkəs zamanı bir sıra terror əməlləri və müharibə cinayətlərinə yol veriblər.

Azərbaycan vətəndaşlarına işgəncə vermiş ermənilərin ədalət məhkəməsi qarşısında cavab vermələri digər müharibə caniləri üçün də mesaj sayıla bilər. Bütün erməni terrorçularını bu cür sonluq gözləyir, müharibə cinayətkarları gec-tez layiqli cəzalarını alacaqlar.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu Azvision.az-a deyib ki, Azərbaycan dövləti dəfələrlə bəyan etmişdi ki, Qarabağda hərbi cinayətlər törətmiş erməniləri hüquqi yollarla cəzalandıracaq. Biz artıq elə dövrdə yaşayırıq ki, Azərbaycan vətəndaşlarına, dinc əhaliyə qarşı cinayətlər törətmiş həmin ermənilər ədalət, hüquq qarşısında cavab verirlər.

“Əslində bu gələcəkdə uzun müddət davam edəcək prosesin başlanğıcıdır. Çünki 30 il davam edən işğal dövründə və Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı çoxsaylı cinayətlər törədildi. Heç bir halda cinayəti cəzasız qoymaq olmaz. Ötən illər ərzində daimi olaraq Azərbaycan tərəfi bildirirdi ki, ölkəmizə qarşı cinayət əməllərinə yol vermiş hər bir şəxs qanunlarımız qarşısında cavab verəcək. Hazırda bu gün o gündür! Bu təkcə cinayətkarın cəzalandırılması demək deyil. Bu həm də hüquq sistemimizin, Azərbaycan dövlətinin qətiyyəti, iradəsi və gücünün göstəricisidir”.



Deputat qeyd edib ki, erməni terrorçularının məhkəmə prosesi digərləri üçün də bir mesajdır: “Hər iki erməni cinayətkar həm də ona görə cəzalandırılır ki, gələcəkdə bir də heç kim cəsarət edib vətəndaşlarımıza qarşı cinayət hərəkətlərinə yol verməsin. Onlar bilsinlər ki, gec-tez bu əməlləri mütləq hüquq qarşısında qiymətləndiriləcək, cinayətkar öz cəzasına çatacaq, layiqli cavabını alacaqdır”.

Oxşar mövzu:

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başladı

Tural Tağıyev
Azvision.az


Teqlər: Məhkəmə   Deputat   Cinayətkar   Müharibə  





Xəbər lenti