“Kəlbəcərdəki faciə hərbi cinayətlərin pik nöqtəsi oldu” - Rəşad Məcid

 “Kəlbəcərdəki faciə hərbi cinayətlərin pik nöqtəsi oldu” -  Rəşad Məcid
  04 İyun 2021    Oxunub:1067
"Mülki vətəndaşlarımız müharibədən sonra minaların qurbanına çevrilirlər. Ermənistanın hərbi cinayətləri davam edir. Bugünkü hadisə hərbi cinayətin pik nöqtəsi oldu"
Bu barədə Azvision.az -a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid bildirib. Onun sözlərinə görə, oxşar faciəvi hadisələrin təkrarlanmaması üçün beynəlxalq təşkilatların hərəkətə keçməsi vacibdir.

“Bugünkü faciəvi xəbəri eşidəndən sonra hələ də özümə gələ bilmirəm. Həmkarlarımızın növbəti erməni terrorunun qurbanına çevrilərək həlak olmaları bizi dərindən sarsıtdı. Artıq neçə müddətdir ki, Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi və digər aidiyyəti təşkilatlar beynəlxalq aləmə car çəkir, bütün instansiyalarda tələb edirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsin. Təəssüf ki, erməni xisləti bu məsələdə də öz sözünü deyir, onların xəritələri ortaya qoymamaları yeni faciələrin yaşanmasına yol açır. Mülki vətəndaşlarımız müharibədən sonra tez-tez minaların qurbanına çevrilirlər, hərbi cinayətlər daha faciəvi halda davam edir. Bugünkü hadisə hərbi cinayətin pik nöqtəsi oldu".



Azərbaycan jurnalistlərinin öz peşə fəaliyyətlərini yerinə yetirən zaman terrorun qurbanına çevrildiyini deyən Rəşad Məcid erməni vandalizminin müharibədən sonra da izlər buraxdığını söyləyib:

"Həmkarlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Bu dəhşətli faciə bizim hamımız üçün ağırdır, dünyadan köçən həmin şəxslər böyük itkidir. Artıq Mətbuat Şurasında hadisə ilə bağlı toplantı olacaq, mediaya bağlı beynəlxalq qurumlara müraciətlər ünvanlayacağıq. Hər halda səsimizi beynəlxalq aləmə çatdırmağa çalışacağıq ki, heç olmasa aidiyyəti qurumlar erməni tərəfinə təzyiqlərini artırsınlar. Təzyiqlər artsın ki, növbəti oxşar faciələr yaşanmasın. Minalanmış torpaqların xəritələri çoxdan təhvil verilməli idi. Gələcəkdə mülki insanlarımızın, işğaldan azad olunmuş ərazilərə çəkilişlərə, reportajlara gedən media işçilərimizin, ümumilikdə vətəndaşlarımızın bu cür faciələrə düçar olmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik”

Qeyd edək ki Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Oxşar mövzu:

AzTV jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yaydı

Mina partlamasında vəzifəli şəxs də həlak olub

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Jurnalist  





Xəbər lenti