“Beynəlxalq ictimaiyyət erməni vəhşiliklərinə qeyri-adekvat reaksiya verir” - Ukraynalı politoloq

“Beynəlxalq ictimaiyyət erməni vəhşiliklərinə qeyri-adekvat reaksiya verir” -  Ukraynalı politoloq
  05 İyun 2021    Oxunub:1716
Azərbaycanlı jurnalistlərin və bir məmurun Kəlbəcərdə minaya düşərək həlak olmaları Cənubi Qafqazdakı hərbi qarşıdurmanın sona çatmadığını və Ermənistan rəhbərliyinin militarist fəaliyyəti davam etdirdiyini göstərir. Lakin o da məlumdur ki, Azərbaycan Ordusunun hərbi gücünü nəzərə alan qarşı tərəf heç nə edə bilməz.
Bunu Azvision.az -a açıqlamasında ukraynalı politoloq Rinat Kovbasyuk deyib. O bildirib ki, döyüş meydanında məğlub olan İrəvan minalanmış ərazilərin xəritələrini vermək niyyətində deyil:

"İrəvan bununla mənəvi və psixoloji cəhətdən məğlubiyyətinin əvəzini çıxmağa çalışır. Eyni zamanda daxili siyasətdə bu hadisələrdən istifadə edərək erməni xalqını məğlubiyyətə baxmayaraq, düşmənə zərbə vurduqlarına inandırmağa çalışırlar. Bu mənfur əməlləri həyata keçirərkən mülki şəxslərin və jurnalistlərin minalanmış ərazilərdə ölməsi Ermənistan rəhbərliyini qətiyyən narahat etmir".

Politoloqun firkincə, artıq hər hansı bir beynəlxalq sənəd və ya konvensiya haqqında danışmaq mənasızdır. Çünki Ermənistan tərəfi həmişə bu sənədləri rədd edib, yalnız özünə faydalı olduğu zaman onları xatırladıb.

"Bu da təəccüblü deyil, çünki beynəlxalq ictimaiyyətin İrəvanın özbaşnalıqlarına, törətdiyi vəhşiliklərə qeyri-adekvat reaksiyası hər dəfə Ermənistanı yeni pozuntulara sövq edir!", - deyə Kovbasyuk əlavə edib.

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər   Mina   Ermənistan  





Xəbər lenti