Kəlbəcərdəki mina faciəsinə beynəlxalq reaksiya - Dünya erməni vandalizmini pisləyir

 Kəlbəcərdəki mina faciəsinə beynəlxalq reaksiya -  Dünya erməni vandalizmini pisləyir
  05 İyun 2021    Oxunub:2151
Dünən Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində media nümayəndələrinin olduğu nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olublar, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ümumilikdə isə ötən il ikinci Qarabağ müharibəsi yekunlaşandan bu günədək 120-dən çox dinc sakin ermənilərin basdırdıqları minaların qurbanına çevrilib. Dünənki hadisə - iki jurnalistin həlak olması isə növbəti dəfə mina xəritələrinin təqdim edilməməsinin acı nəticələrinin, erməni vandalizminin pik nöqtəsi oldu. Hadisə baş verəndən dərhal sonra dünya mediası peşə fəaliyyətini yerinə yetirən zaman həlak olmuş jurnalistlərlə bağlı məqalələr, hadisənin təfərrüatlarını əks etdirən yazılar dərc edir, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri faciənin ağırlığını göstərən fikirlər səsləndirirlər.

"Human Rights Watch" təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qoqia "Tvitter" hesabında minaların mülki əhali üçün davamlı təhlükə yaratdığını, son hadisənin narahat doğurucu faciə olduğunu qeyd edib:

“Tank əleyhinə minanın Azərbaycanda Kəlbəcər yaxınlığında üç mülki şəxsin ölümünə səbəb olduğu bildirilir. Minanın yeni qoyulması və ya mülki əhalini birbaşa hədəf alması xüsusilə narahatedicidir. Minalar mülki əhali üçün davamlı təhlükə yaradır və münaqişə sonrası bərpa işlərinə mane olur”

Avropa İttifaqı (Aİ) erməni vandalizminin növbəti qurbanına çevrilmiş azərbaycanlı jurnalistlərin həlak olmasına dərhal reaksiya verib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar faciə ilə bağlı “Tvitter” hesabındakı paylaşımda daha çox itkinin qarşısını almaq və minaların effektiv şəkildə təmizlənməsi üçün tam məlumat mübadiləsinin vacibliyini önə çəkib.

Bundan başqa, qurumun Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano da Kəlbəcərdəki mina partlaması ilə bağlı narahatlığını ifadə edib. Aİ rəsmisi bildirib ki, mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdır:

“Ərazilərin minalardan təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir” - Aİ rəsmisi Azərbaycan və Ermənistanı humanitar məsələləri həll etməyə çağırıb.

Digər beynəlxalq qurumlarla yanaşı jurnalist təşkilatları da erməni vəhşiliyinin və müharibə cinayətlərinin davamı olan bu hadisəyə reaksiya veriblər. Belə ki, Beynəlxalq Jurnalistlər Federasiyasının və Avropa Jurnalistlər Federasiyasının saytlarında azərbaycanlı jurnalistlərin Kəlbəcərdə ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə əlaqədar məlumat verilib.

Məlumatda Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Belangerin və Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrezin fikirləri də yer alıb. Onlar gələcəkdə dinc insanların ölümünün qarşısının alınması üçün Ermənistan rəsmilərini minalanmış ərazilərin xəritələrini təqdim etməyə çağırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı diləyiblər.

Qeyd edək ki, dünəndən başlayaraq ayrı-ayrı ölkələrin jurnalistləri azərbaycanlı həmkarlarının müharibə sonrası mina qurbanına çevrilməsini işıqlandıraraq, Qarabağdakı bu gizli təhlükənin media sahəsində də ağır nəticələrə gətirib çıxardığını qeyd edirlər. Kəlbəcər faciəsi müxtəlif ölkələrin mətbuatında geniş işıqlandırılır, əksər məqalələrdə Azərbaycan XİN-dən sitat gətirilərək Ermənistan tərəfindən məsələyə rəsmi şərhin verilməməsi qeyd edilir.

Qətərin dünyaca məşhur "Əl-Cəzirə" saytı da mina partlamasının səbəb olduğu ağır itkilərlə bağlı geniş məqalə dərc edib. Yazıda hadisə barədə Azərbaycanın aidiyyəti dövlət qurumlarının yaydığı məlumatlara istinad edilməklə yanaşı, həlak olan və ağır xəsarətlər alan şəxslər haqqında rəsmi açıqlamalar da yer alıb:

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hadisədən dərindən kədərləndiyini bildirərək Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırıb. Azərbaycan hökuməti dəfələrlə Ermənistanı bu cür xəritələri təqdim etməkdən imtina etməkdə günahlandırıb".

“Əl-Cəzirə”, həmçinin xatırlatma edib ki, faciəvinin baş verdiyi Kəlbəcər rayonu ötən ilki müharibədən sonra Azərbaycana qaytarılmış bölgələrdən biridir.

Nüfuzlu “Reuters” agentliyi şəhid olan jurnalistlərimiz - Sirac Abışovla Məhərrəm İbrahimovdan yazarkən Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edib. Agentlik yaydığı xəbərdə ötən ilin noyabr ayında erməni qüvvələri tərəfindən boşaldılmış ərazidə minanın partlaması nəticəsində iki jurnalistin və bir məmurun həlak olduğunu qeyd edib. Bildirilib ki, onlar dövlətə məxsus AzTV kanalının operatoru və “Azərtac” agentliyinin müxbiri olublar. Bundan başqa, bu ağır faciə nəticəsində dörd nəfərin də yaralanması oxucuların diqqətinə çatdırılıb.

Türkiyə mediası hər zaman olduğu kimi dünən də Azərbaycanda baş verən faciəyə həssaslıqla yanaşdı. “TRThaber”, “CNNTurk” “Sabah” “Ahaber” və digər aparıcı media qurumları ermənilərin vandal əməllərindən olan mina partlayışına geniş yer ayırdılar. Qardaş ölkənin xəbər saytları məlumatları fərqli dillərdə dərc edərək dünya ictimaiyyətinin diqqətini Kəlbəcər faciəsinə yönəltdilər.

Bundan əlavə, Asiya mediası dünya mətbuatının gündəminə çevrilmiş Qarabağdakı mina təhlükəsinin ağır nəticələrini, erməni işğalından qalan fəsadların ağır formada davam etməsini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Hindistanın “Uniindia”agentliyi Azərbaycanda iki media nümayəndəsinin minaya düşərək həlak olmasını əsas xəbərlərdən birinə çevirib. Agentliyin dərc etdiyi məqalədə qeyd edilir ki, jurnalistləri aparan avtomobil işğaldan azad edilmiş ərazidə tank əleyhinə minaya düşdüyü üçün belə arzuolunmaz və ağır faciə yaşanıb. Məqalədə media nümayəndələri ilə yanaşı bir rəsmi şəxsin də həlak olduğu vurğulanıb:

“Hadisə nəticəsində 3 nəfər həlak olub ki, onlardan 2-si azərbaycanlı jurnalist Sirac Abışov və Məhərrəm İbrahimovdur. Azərbaycan jurnalistlərin ölümünə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan edir”.

Agentlik, həmçinin məqalədə Azərbaycanda müharibədən sonra 120-dən çox insanın minaların qurbanına çevrildiyini də nəzərə çatdırıb.

Çin mediası da yerli oxucuları azərbaycanlı jurnalistlərin ermənilərin basdırdığı minanın qurbanına çevrilməsi barədə məlumatlandırıb. Ölkənin aparıcı agentliyi olan "Xinhua" -da dərc olunan məqalədə mina partlaması nəticəsində iki jurnalistin həlak olması təəssüflə qeyd edilib.

"Azərbaycanın Qarabağ bölgəsinin qərbində, Kəlbəcər rayonunda tank əleyhinə mina partlayıb, nəticədə ikisi jurnalist olmaqla üç nəfər mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb. Hadisə keçən il Ermənistanla altı həftəlik müharibədən sonra Azərbaycanın nəzarətinə qaytarılan Kəlbəcər rayonunun Susuzluq kəndində baş verib", - “Xinhua” yazıb.

Qeyd edək ki, Kəlbəcərdəki mina faciəsi yalnız dünya mediasının gündəminə çevrilməyib, dünəndən başlayaraq ayrı-ayrı səfirliklər və siyasi təşkilatlar da hadisə ilə bağlı məlumatlar yayırlar. Ermənistanın postmüharibə dövründə də dinc sakinləri hədəfə alan hərbi cinayətləri davam etdirməsi dünya ictimaiyyəti tərəfindən pislənilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Kəlbəcər   Mina   Media  





Xəbər lenti