Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək

  05 İyun 2021    Oxunub :557
Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə deputat həmkarları ilə görüşəcək, fikir və təcrübə mübadiləsi aparacaqlar.

Milli Məclis üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, Təhsil naziri Ziya Selçuk, Səhiyyə naziri Fahrettin Koca ilə də görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı səfərlərin intensivləşməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın davam və inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər iyunun 11-də başa çatacaq.

Azvision.az

Teqlər: Milli-Məclis