“Bu hadisə jurnalistlərə qarşı terror aktıdır” - Kuba mətbuatı

“Bu hadisə jurnalistlərə qarşı terror aktıdır” -  Kuba mətbuatı
  05 İyun 2021    Oxunub:1085
Kubanın "Prensa-latina.cu" informasiya agentliyi erməni vandalizminə dair geniş məqalə dərc edib.
Azvision.az xəbər verir ki, nəşr "Azərtac"ın ermənilərin basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı beynəlxalq media təşkilatlarına müraciət ünvanladığını bildirib.

"Azərbaycan dövlət xəbər agentliyi bir neçə jurnalistin Ermənistan tərəfindən basdırılmış minanın qurbanına çevrilməsi ilə əlaqədar beynəlxalq media qurumlarından dəstək istədi. Hadisə bu cümə Kəlbəcər rayonunda, işğaldan azad edilmiş Azərbaycan ərazisində baş verib və mina üç nəfərin həyatına son qoyub.

Həlak olanlar AzTV-nin operatoru Sirac Abışov, "Azərtac" agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq qəsəbəsindəki nümayəndəsinin müavini Arif Əliyevdir. Dörd nəfər də ağır yaralanıb.

Müraciətdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların xəritəsinin verilməsi barədə təkidli tələblərinə baxmayaraq, Ermənistanın bundan israrla boyun qaçırması, müraciətlərə məhəl qoymaması bildirilir. Bundan əlavə, erməni təxribatçıların Azərbaycan ərazilərinə sızaraq terrora cəhdlər etməsi xatırladılır.

"Azərtac" bəyanatda dünya media rəhbərlərini, beynəlxalq və regional media təşkilatlarını Ermənistanın davamlı təxribatlarını şiddətlə qınamağa və etiraz səsini ucaltmağa çağırıb-"Bu, yalnız mülki şəxslərin həyatına edilən bir hücum deyil, həm də ifadə azadlığına və jurnalistlərin fəaliyyətinə qarşı açıq bir terror aktıdır". Müraciət bir sıra beynəlxalq təşkilatlara göndərilib",- deyə Kuba agentliyi yazıb.

KİV xatırlatma edib ki, Ermənistanın basdırmış olduğu müxtəlif növ mina və digər "tələlər" müharibənin bitməsindən bəri, yeddi ay ərzində 120-dən çox insanın həyatına son qoyub və ya ölümcül yaralayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Kuba   Kəlbəcər   Mina   Jurnalist  





Xəbər lenti