“Həmin minalar son günlər ərzində basdırılıb” - Hərbi ekspert

 “Həmin minalar son günlər ərzində basdırılıb” -  Hərbi ekspert
  07 İyun 2021    Oxunub:1233
Ermənistan tərəfinin minalanmış ərazilərin xəritə və sxemlərini təqdim etməməsində məqsəd Azərbaycanın azad edilmiş ərazilərə qayıdış prosesini ləngitməkdir.

Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, ermənilər ləngimə çərçivəsində hansısa əks tədbirlərin mümkün ola biləcəyini ehtimal edirlər:

Ekspert bildirib ki, düşmən tərəfi bu ləngimə müddətində bəlkə də Qarabağın hansısa ərazilərinin geri alınmasına ümid bəsləyir: "Əfsuslar olsun ki, indiyə qədər münaqişənin tənzimlənməsinə görə məsuliyyət daşıyan ATƏT-in həmsədrləri ciddi bir iş görmədilər. Yalnız standart ifadələrdən ibarət bəyanatlara rast gəldik. Bu bəyanatlar isə bu günə kimi əməli olaraq heç nəyi dəyişməyib. Ermənistanın Hadrut istiqamətində 62 nəfərlik qrupunun ələ keçirilməsi, son günlər Kəlbəcər istiqamətində 6 nəfərlik diversiya qrupunun mina basdırarkən saxlanılması bir daha onu göstərir ki, Ermənistan heç də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib".



Ə.Verdiyev qeyd edib ki, müharibədə məğlubiyyətini qəbul etmək istəməyən Ermənistanın hərbi və siyasi rəhbərliyi Kəlbəcərin Susuzluq kəndi istiqamətində minaların basdırılmasını məqsədli olaraq həyata keçirib.

"Bu vandallıq aktı nəticəsində Azərbaycanın 2-si jurnalist olmaqla 3 mülki vətəndaşı öz peşə vəzifələrini yerinə yetirərkən şəhid olublar. Digər 4 nəfər isə yaralanıb. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir və bununla həm 1949-cu il tarixli Cenevrə konvensiyasını, həm də 1980-ci il tarixli konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozmaqda davam edir. Ermənistanın Kəlbəcər istiqamətində basdırdığı minalar böyük ehtimalla 6 nəfərlik diversiya qrupunun Azərbaycan tərəfindən saxlanılmasına cavab olaraq həyata keçirilib. Görüntülərdən bəlli olur ki, həmin minalar son günlərdə basdırılıb. Bu, minanın basdırıldığı nöqtə ilə ətraf ərazinin bir-biri ilə fərqlənməsindən də bəlli olur. Hesab edirəm ki, Azərbaycan bu kimi fəaliyyətlərin qarşısının alınması üçün istənilən sərt addımlara getmək hüququna malikdir və bundan istifadə edə bilər".



Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kəlbəcər   Mina   Partlayış  





Xəbər lenti