“Ermənistan terror siyasəti yürüdür” - Pakistanlı jurnalist

“Ermənistan terror siyasəti yürüdür” -  Pakistanlı jurnalist
  08 İyun 2021    Oxunub:999
"Azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olması kədərli xəbərdir. Uca Allahdan onların ailələrinə səbr diləyirik. Pakistan xalqı və Pakistan jurnalistləri belə kədərli vaxtda qardaş Azərbaycan xalqının yanındadırlar".
Bunu Azvision.az -a açıqlamasında Pakistanın tanınmış jurnalisti Məhəmməd Tayyab Çaudariy bildirib.

O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə basdırılan minaların xəritələrinin verilməsini tələb edən çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan bundan imtina edir və beləliklə beynəlxalq humanitar hüquq normalarını pozur:

"Ermənistan beynəlxalq humanitar hüququ pozur və Azərbaycana qarşı terror siyasəti yürüdür. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əldə etdiyi tarixi qələbə bütün dünyaya yeni imkanlar açdı. Təəssüf ki, müharibədən sonra iki jurnalist şəhid oldu. Şəhid jurnalistlər bizim qəhrəmanımızdır və onların fədakarlıqları unudulmayacaq. Siracla Məhərrəmin fədakarlıqları həmişə xatırlanacaq".

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Pakistan   Şəhid   Mina   Jurnalist  





Xəbər lenti