Azərbaycanın qeyri-neft ixracı 25,4 faiz artıb

  07 İyun 2021    Oxunub :352
   Azərbaycanın qeyri-neft ixracı 25,4 faiz artıb
Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 907,6 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və ya 25,4 faiz artıb.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadla xəbər verir ki, 5 ayda meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon, kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon, bitki heyvan mənşəli piylər və yağların ixracı 13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon dollar təşkil edib.

May ayında Azərbaycanın ümumi ixracı 1,6 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon dollar olub. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon dollar daha çoxdur. Habelə 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon dollar olub.

Ötən ay yeyinti məhsullarının ixracında azalma müşahidə edilsə də, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55,8 faiz artım müşahidə edilib. Qeyri-yeyinti məhsullarının may ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr gübrə, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər, pambıq, qara metallar, qurğuşun və alüminium və onlardan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmir yolu və tramvay nəqliyyat vasitələrindən başqa və onların hissələri və ləvazimatları və sair təşkil edib. May ayında yeyinti məhsullarında azalmanın əsas səbəbi meyvə-tərəvəz məhsullarının ixracının azalmasıdır.

Azvision.az

Teqlər: İxrac   Statistika