BMT-də erməni diplomatın absurd fikirlərinə tutarlı cavab verildi

  BMT-də erməni diplomatın absurd fikirlərinə tutarlı cavab verildi
  08 İyun 2021    Oxunub:1592
2020-ci ilin yayında döyüş meydanında biabırçı məğlubiyyətdən, “rəşadətli” və “məğlubedilməz erməni döyüşçülərə” bütün ümidlərini itirəndən sonra erməni diplomatlar cəfəngiyyatla dolu məktublar yaymağa başlayıblar. Bu dəfə oyuncaq rejimin, daha konkret desək David Babayan ad-soyadlı birisinin bəyanatlarını yayan Ermənistanın BMT-dəki daimi nümayəndəsi adlandırılan Mqer Marqaryandır. Bu diplomat artıq mövcud olmayan oyuncaq rejimin biabırçı şəkildə məğlub olmuş nümayəndələrinin məktubunu çatdırmağı öhdəyə götürüb. Həmin məktubda “başıbəlalı”lar şikayətlənirlər ki, guya Azərbaycan Şuşa şəhərini “işğal edib”, oradan erməniləri qovub, onların evlərini və mədəni irsini məhv etməyə başlayıb. Özünü diplomat hesab edən adam nə dərəcədə bisavad olmalıdır ki, Azərbaycanın öz ərazilərini “işğal etməsini” və ya öz şəhərlərini dağıtmasını BMT-yə sübut etməyə çalışsın!
Azvision.az xəbər verir ki, Mqer Marqaryanın bu cəfəng məktubunda cavab olaraq Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib. Məktubda Ermənistan tərəfindən əslində mövcud olmayan qurumun və onun qondarma “rəsmi şəxsləri”nin adından müxtəlif sənədlərin yayılmasının hələ də davam etməsinə qəti etiraz bildirilir.

Yaşar Əliyev Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mqer Marqaryanın məktubundan söhbət açaraq yazır ki, belə sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur, çünki açıq-aşkar saxtalaşdırmanın məhsulu, müharibə təbliğinə və qanunsuz hərəkətlərin dəstəklənməsinə bərabər olan belə sənədlər hiddətləndirici uydurmalardır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa hörmətsizlik nümunəsidir.

Azərbaycanlı diplomat yazır: “Ermənistanın yaydığı məlumatlarda Azərbaycanın beynəlxalq aləmdə tanınmış yaşayış məntəqələrinin göstərilməsi üçün istifadə edilən müxtəlif uydurma adlar da həqiqətə uyğun deyil, çünki belə adlar beynəlxalq hüquqa, Azərbaycan Konstitusiyasına və onun qanunvericiliyinə, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş coğrafi adların beynəlxalq standartlaşdırma prinsiplərinə və prosedurlarına açıq-aşkar ziddir. Azərbaycan Respublikasının Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi azı 125 bu cür uydurma ad aşkar edib. Bu adlar sırf uydurmadır və yalnız erməni vəzifəli şəxslərinin təxəllüyündə mövcuddur. Azərbaycan coğrafi adlarının rəsmi siyahısı Birləşmiş Millətlər Təşkilatının Coğrafi adlar üzrə Ekspert Qrupuna təqdim olunmuş məruzəyə əlavə edilib. Azərbaycan tarixi faktların saxtalaşdırılmış versiyalarının tirajlanmasını, mövcud olmayan qurumun adından uydurma sənədlər yayılmasını və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisindəki yaşayış məntəqələrini göstərmək üçün müxtəlif uydurma adlardan istifadə olunmasını 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın icrasını pozmaq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd, onun xalqının hüquqlarına və qanuni mənafelərinə təhdid cəhdlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüquqa əsasən yaranan nəticələri hesab edir və Ermənistan buna görə məsuliyyət daşımalıdır”.

Azvision.az


Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti