Mina təxribatları: Erməni polkovnik hərbi cinayətləri etiraf edir - ŞƏRH

 Mina təxribatları:  Erməni polkovnik hərbi cinayətləri etiraf edir -  ŞƏRH
  08 İyun 2021    Oxunub:2491
İyunun 4-də Kəlbəcərdə ikisi jurnalist olmaqla üç mülki Azərbaycan vətəndaşının həlak olması, 4 nəfərin yaralanması ilə nəticələnən mina faciəsi Ermənistanın müharibədən sonra da hərbi cinayətləri davam etdirdiyini göstərdi. İkinci Qarabağ müharibəsinin başa çatmasından 8 aya yaxın vaxt keçsə də, Ermənistan tərəfi minaladığı ərazilərin xəritələrini təhvil verməkdən imtina edir, bununla mülki insanların faciəvi şəkildə ölümünə zəmin yaradır.
Kəlbəcərdəki hadisələrin geniş müzakirə olunduğu bir vaxtda Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan sensasion açıqlama verərək, ölkəsinin cinayətkar mahiyyətini ifşa edib.

Belə ki, o, Laçın və Kəlbəcər rayonları ərazisinə çoxlu sayda mina basdırdıqlarını bildirib:

“Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mən də mina xəritəsini təqdim edim”.

Polkovnik Qumaşyan özü də bilmədən bu açıqlaması ilə Ermənistanın hərbi cinayətlərini təsdiqləmiş oldu.



Məsələni Azvision.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib ki, əslində ermənilərin açıq etiraflarında qeyri-adi bir şey yoxdur. Faktlar onu göstərir ki, İrəvan işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması ilə əlaqədar uzadılan müddət zamanı xeyli cinayətlərə yol verib:

“Erməni tərəfinin bir qismi evləri yandırırdı, digərləri ekoloji terror törədərək meşələri məhv edib daşıyırdı, başqa bir qism isə yeni mina sahələri yaradır, torpaqları çirkləndirirdi. Ona görə də, bu gün həmin hərbçi Kəlbəcər və Laçında xeyli sayda mina basdırmaları ilə bağlı məlumat yayırsa, bunu boşuna demir. İndi o 17 maşın söyləyir, amma minalar yük maşınları ilə deyil, konkret sayla ölüçülür. Hər halda həmin erməni minalanmış sahələrin miqyasını böyük göstərmək üçün yük maşınları ilə minalar yerləşdirdiyini deyirsə, bu bir daha İrəvanın cinayət əməllərinin etirafıdır. Çünki məlumatı sıradan bir şəxs deyil, polkovnik yayır. Beynəlxalq qurumlara bu açıqlamananın əsasında yeni müraciətlər ünvanlaya bilərik. Yəni artıq döyüşlər getməyən ərazilərdə, yaşayış məntəqələri, yollarda məqsədli şəkildə minalanma işləri aparıldı ki, postmüharibə dövründə ağır itkilər olsun. Artıq iki jurnalistin həlak olması bunu sübut edir. Fakt odur ki, heç vaxt döyüşlər olmamış yollarda da minalarla rastlaşırıq, faciələr baş verir”.

Ekspertin sözlərinə görə, iki rayonda gizli şəkildə basdırılmış xeyli sayda mina ilə bağlı qarşı tərəfin etirafı bir daha onu sübut etdi ki, qarşı tərəf bu addımları vəhşicəsinə ataraq bütün konvensiyaların tələblərini pozub:

“Ümumiyyətlə, bu etirafın özü belə insanların yaşamaq hüququnu kobud şəkildə pozan addım sayılmalıdır. Döyüşlər gedən ərazilərdə minaların basdırılmasını haradasa müəyyən mənada anlamaq olardı. Amma aktiv döyüşlərin getdiyi ərazilərdən qat-qat uzaqda ehtiyac olmadığı halda mina sahələrinin yaradılması birbaşa cinayət əməlidir. Daha çox yol şəbəkələri xaotik şəkildə minalanıb. Mən inanmıram ki, onlar yolların minalanmasını qeydiyyata alalar. Çünki erməni hərbçilər hər iki rayondan çıxarkən anbarlarda saxladıqları minaları havayı yerə daşımasınlar deyə, onları yollarda xaotik şəkildə yerləşdirib getdilər. Ona görə də, beynəlxalq qurumlara müracitələrimizdə sübut kimi göstərməliyik ki, erməni silahlı birləşmələri nəinki döyüşlər gedən ərazilərdə, təhvil verib çıxdıqları torpaqlarımızda belə hərbi cinayətlərə yol vermiş oldular. Etiraf edilən minalar artıq mülki insanlara qarşı hesablanıb. Bu addımlar aidiyyəti təşkilatlar tərəfindən diqqətə alınıb, müəyyən cəza tədbirləri görülməlidir. Bir sözlə, hərbi cinayətlər göz önündədir və bu etirafı edənlər cinayət əməllərinə görə də cavab verməlidirlər”.



Polkovnik Şair Ramaldanov onu da qeyd edib ki, Azərbaycan bu faktlara, etiraf və son Kəlbəcər faciəsinə baxıb daha ehtiyatlı davranmalıdır:

“Düşünürəm ki, müvafiq qurumlar həmin rayonlarda təhlükəsizlik tədbirlərini birə beş artıracaqlar. Müəyyənləşdirilmiş tam təhlükəsiz yollardan istifadə edilməlidir. Yoxlanılmayan və tam təhlükəsizliyinə zəmanət verilməyən yollar hələlik qapalı saxlanılmalıdır. Məlum rayonlara ezam olunan heyət, o cümlədən jurnalistlər bu məsələlərdə daha diqqətli olmalı, təhlükəsizlik tələblərinə riayət etməlidirlər”.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzə qalıb. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə düçar olan Ermənistan işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina xəritələrini verməkdən boyun qaçıraraq, hərbi cinayətlərini davam etdirir.

Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Kəlbəcər   Qarabağ   Ermənistan  





Xəbər lenti