“Heç kim narahat olmasın, hamı öz haqqını alacaq” - Komitə sədri

 “Heç kim narahat olmasın, hamı öz haqqını alacaq” -  Komitə sədri
  09 İyun 2021    Oxunub:1207
Bir çox hallarda özünü müharibə əlili və şəhid ailəsinin üzvü kimi təqdim edən şəxslər müəyyən tələblər, iddialar irəli sürürlər. Doğrudur, onlar iddialarında qismən haqlı olsalar da, müraciətlərini hökumətə və dövlətə ultimatum şəklində verirlər.
Bunu Azvision.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədrinin sözlərinə görə, ölkəmizdə şəhid ailələri və Qarabağ qaziləri hər zaman dövlətin diqqət mərkəzindədir.

"Bundan sonra da belə insanlara dövlətin qayğısı yüksək səviyyədə olmalıdır və olacaq da. Lakin reallığı nəzərə almalıyıq ki, ölkə müharibədən çıxıb. Qarabağda işğaldan azad edilən ərazilərin bərpası böyük layihələrdir və böyük maliyyə tələb edir. Əlbəttə, bunların fonunda Qarabağ müharibəsində şəhid olanların ailələrinə, qazilərə və onların ailələrinə də diqqət, qayğı göstərilməlidir. Amma bu diqqət və qayğının müəyyən imkanlar daxilində aparılmasının mümkünlüyünü və zərurətini hamımız dərk etməliyik".

Komitə sədri şəhid ailələri və Qarabağ qazilərinə müraciət edərək, onlardan təmkinli davranmağı xahiş edib:

"Müəyyən zaman lazımdır. Həmçinin görülən işləri lazımi qədər işıqlandırmırıq. Minlərlə ailənin evinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri gedib, onların ehtiyaclarını öyrəniblər. "YAŞAT" Fondu bütün şəhid ailələrinə baş çəkib, onlarla görüşüb, ehtiyaclarını müəyyən edib. Bir çoxlarına kömək edilib, digərlərinə kömək etmək üçün tədbirlər görülür. Qısa müddətdə bütün probemləri həll etmək mümkün olmur. Digər problemlər əlillik təyinatı ilə bağlıdır. Bunlar da öz həllini tapacaq, təmkinli olmaq lazımdır".

M.Quliyev qeyd edib ki, heç kim narahat olmasın, hamı öz haqqını alacaq: "Təəssüf ki, müəyyən adamlar var ki, daha artığını tələb edir. Bunların bəziləri bilməməkdən irəli gəlir. İnsanlar başa düşməlidirlər ki, onlara çatan haqq nədirsə, dövlət artıqlaması ilə verir. Dövlət üzərinə düşəni edir. Səbrli olmaq lazımdır. Bu gün bütün təminatlar həyata keçirilir və bundan sonra da həyata keçiriləcək.

Sosial şəbəkələrdəki insanların heç də hamısı sağlam niyyətli deyil və bəziləri müəyyən trol şəbəkəsi daxilində fəaliyyət göstərir, Azərbaycana düşmən olan qruplara xidmət edirlər. Bunları bir-birindən ayırmaq lazımdır. Şəhid və qazi ailələri birinci növbədə dövlət qurumlarına müraciət etməli, problemlərini bildirməlidir. Əmin olsunlar ki, onların problemləri həll olunacaq. Sadəcə zamana ehtiyac var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qazi   Şəhid-ailəsi  





Xəbər lenti