“Şuşa həbsxanasında mənə amansız işgəncələr verdilər” - Qərib Vəliyev

 “Şuşa həbsxanasında mənə amansız işgəncələr verdilər” -    Qərib Vəliyev
  09 İyun 2021    Oxunub:1661
Erməni əsirliyində olarkən Lüdvik Mkrtçyan məni bir gün axşama qədər döydü, işgəncələr verdi.

Azvision.az xəbər verir ki, bunu Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncələr vermiş erməni terrorçular Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Qərib Vəliyev deyib.
O bildirib ki, Lüdvik Mkrtçyan ona qarşı amansız işgəncələr verib: “1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə amansız işgəncələr verdilər.

Lüdvik Mkrtiçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, Azərbaycan dilində tərcüməçi idi. Çatan kimi sinəmə təpiklə vurdu, işgəncələr verdi. Kabinetində mənə üç dəfə sillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Yaxınıma gəlib məni dizi ilə vurub, başıma torba keçirdi və başladı amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. İki ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaq zamanı Lüdvik Mkrtiçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim, o məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.

Qeyd edək ki, bu gün birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsində davam etdirilib.

Oxşar mövzu:

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər məhkəmə qarşısında

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məhkəmə   İclas  





Xəbər lenti