“Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı” - Əsirlikdə olmuş azərbaycanlı

 “Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı” -  Əsirlikdə olmuş azərbaycanlı
  09 İyun 2021    Oxunub:2873
"Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni dəmir parçası ilə döyüb, qarın altında basdırdılar"
Azvision.az xəbər verir ki, bunu Yasamal rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncələr vermiş erməni terrorçular Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Cavid Hüseyn deyib.

O bildirib ki, təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər: “Hər ikisi Azərbaycan dilini bilir. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndinə aparıb döydülər, sonra Şuşa həbsxanasına apardılar. Orada dəmir boru ilə başımıza vururdular".

Zərərçəkmiş şəxsin sözlərinə görə, ermənilər onu döyüb, Şuşa həbsxanasının qarşısında qarın altında basdırıblar: "Qış idi, güclü qar yağmışdı. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orada dəmir parçası ilə döyüb, qarın altında basdırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Sual verdilər ki, Qarabağ bizimdir, yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi bizə baş çəkməyə gəlirdi. Yenə mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar".

Cavid Hüseyn bildirib ki, ermənilər azərbaycanlı əsirlərə mənəvi işgəncələr də verib: "Biz Şuşa həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər. Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər. Mkrtiçyanın əlinin üstündə LMN yazısı var idi. Bu baxış zamanı da təsdiqləndi".

Oxşar mövzu:

“Şuşa həbsxanasında mənə amansız işgəncələr verdilər” - Qərib Vəliyev

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər məhkəmə qarşısında

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti