“Minaların təmizlənməsində iştirak etməyə hazırıq” - Pakistanın ordu generalı

 “Minaların təmizlənməsində iştirak etməyə hazırıq” -   Pakistanın ordu generalı
  09 İyun 2021    Oxunub:1184
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Kontr-admiral S.Bəkirov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını Pakistan Quru Qoşunları komandanına çatdırıb və ölkəmizin Pakistan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Azvision.az



Teqlər: Pakistan   Ordu   General  





Xəbər lenti