“Paşinyan danışıqları pozdu, müharibəyə təhrik etdi” - Sarkisyan səsyazısı yaydı

  10 İyun 2021    Oxunub :1790
“Paşinyan danışıqları pozdu, müharibəyə təhrik etdi” -  Sarkisyan səsyazısı yaydı
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan barədə vəd etdiyi faktları açıqlayıb.

Azvision.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.

Xatırladaq ki, daha əvvəl Sarkisyan Paşinyanın ailəsini ifşa edərək, onunla bağlı məlumatlar yayacağını bildirdi.
“Paşinyanın yerinə olsaydım, özümü güllələyərdim” - Sarkisyan
"Məni yaxşı tanıyanlar Serj Sarkisyanın heç vaxt ailəyə toxunmayacağını söylədilər. Onlar haqlı idilər. Bəli, çoxdan bəri müxtəlif məlumatlara sahibəm, amma heç vaxt kiminsə ailəsi haqqında heç nə deməmişəm, çünki ailənin nə demək olduğunu çox yaxşı bilirəm. Ancaq bu, o demək deyil ki, verdiyim sözü yerinə yetirməyəcəyəm. Bu yaxınlarda mənə verilmiş səsyazısını təqdim edirəm. Onu dinlədikdən sonra bu kapitulyator haqqında tam bir fikrə malik olacaqsınız".

Sarkisyan həmin qeyddən çıxış edərək Paşinyanı müharibəyə təhrik etməkdə günahlandırıb. Belə ki, Paşinyan səsyazısında 2018-ci ilin mayında Soçidə Rusiya, Qazaxıstan və Belarus liderləri ilə görüşün bəzi detallarından danışır. Bu görüşdəki müzakirə Qarabağ problemi ilə bağlı idi.

“Orada qəhvə içmək üçün bir yer var idi. Putin, Nazarbayev, Lukaşenko həmin yerə gəldilər, mənə dedilər: xalq sənə o qədər çox güvənir və s. İndi Qarabağ məsələsini həll etmək üçün tarixi bir şansın var. Cavab verdim: yaxşı, indi tarixi bir şans olduğunu başa düşürəm, amma qərar vermək nə deməkdir? Mənə hansısa yazılı "Lavrov planı"ndan danışırlar: qoşunlar geri çəkilir, hətta bir milçək də ora uça bilməz. Mən dedim ki, statusu müəyyən etmədən, bu, müzakirə mövzusu belə ola bilməz".

Sarkisyanın fikrincə, söhbətdən belə çıxır ki, Paşinyan danışıqları pozub və bununla müharibəyə təhrik edib.

Qəzetin yazdığına görə, səs yazısı Paşinyanla Qarabağdakı separatçı rejimə rəhbərlik etmiş Arayik Arutyunyanın partiyasının nümayəndə heyəti arasında görüş zamanı qeydə alınıb. Paşinyan onlara Soçidəki qeyri-rəsmi söhbətin təfərrüatlarını açıqlayıb. Ehtimallara əsasən, Arutyunyanın partiyasının üzvlərindən biri söhbəti yazıb.

Oxşar mövzu:

“Elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək” - Sarkisyan Nikolu ailəsi ilə şantaj edir

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SerjSarkisyan   NikolPaşinyan