Milli Qurtuluş Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik

Milli Qurtuluş Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik
  10 İyun 2021    Oxunub:853
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluş mübarizəsinin qalibi Heydər Əliyev: dahi siyasətçi və müasir Azərbaycanın qurucusu” mövzusunda videokonfrans keçirilib.
Azvision.az xəbər verir ki, videokonfransda Milli Məclisin deputatları Jalə Əliyeva və Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı, ADPU-nin Şamaxı filialının direktor müavinləri Şahsəddin Mikayılov və Qahirə Şahbazova, YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov, Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova, Zaqatala, Ağcabədi, Sabirabad, Lerik, Xaçmaz, Xızı, Şirvan, Ağstafa, Qəbələ, Neftçala, Ucar, Hacıqabul, Zərdab, Şamaxı rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktor və əməkdaşları iştirak ediblər.



Videokonfransı açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova iştirakçıları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, bu günü xalqın tarixinə yazan ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 28 il bundan öncə xalqın tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasını elan edib. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaradıb. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma aradan qaldırılıb, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən K.Rəhimova Prezident İlham Əliyevin Ulu Öndərin siyasətinin uğurlu davamçısı olduğunu vurğulayıb.



Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olduğunu deyib. Bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan ümummilli liderimiz Heydər Əliyevin qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin qayıdışı olmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında görürdü. İndi Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir.

Videokonfransda çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova 90-cı illərin əvvəllərinə tarixi ekskursiya edərək Azərbaycanda Ulu Öndərin hakimiyyətə gətirilməsini zəruri edən hadisələrdən danışıb. Qeyd edib ki, müstəqilliyini yenicə bərpa edən Azərbaycanda baş verən vətəndaş müharibəsi, ağır sosial-iqtisadi vəziyyət ölkədə gərgin durumun yaranmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördü. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu.



Milli Məclisin deputatı, professor Jalə Əliyeva çıxışında bildirib ki, Azərbaycan xalqının çağırışı ilə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirib. J.Əliyeva daha sonra Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı təbliğ etdiyi Azərbaycançılıq ideologiyasından, göstərdiyi Vətən sevgisindən danışıb. O, çıxışının sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb və hər bir Azərbaycan vətəndaşını ölkəmizin inkişafı və uğurlu sabahı üçün daim əzmlə çalışmağa çağırıb. Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı çıxış edərək, müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizdə elmin və mədəniyyətin inkişafına və mədəniyyət xadimlərinin sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıb. ADPU-nun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şahsəddin Mikayılov builki 15 İyun - Milli Qurtuluş Gününü qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdiyimizi söyləyib. O, əminliklə bildirib ki, növbəti illərdə də bu bayram ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.

Azvision.az



Teqlər: Şamaxı  





Xəbər lenti