Azərbaycanla Belarus 120-dən çox müqavilə imzalayıb - Səfirlik

Azərbaycanla Belarus 120-dən çox müqavilə imzalayıb -  Səfirlik
  11 İyun 2021    Oxunub:1562
11 iyun 2021-ci ildə Belarusla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 28 il keçir. Həmin vaxtdan bəri ölkələr arasında siyasət, ticarət, iqtisadiyyat, mədəniyyət, elm, müdafiə və digər sahələrdə sıx əlaqələr qurulub.
Azvision.az xəbər verir ki, bu barədə Belarus səfirliyindən bildirilib.

Məlumatda vurğulanıb ki, 2006-cı ildə Minskdə və Bakıda iki ölkənin səfirlikləri açılıb. 2021-ci ildən başlayaraq Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovdur. Azərbaycanın Minskdəki səfiri vəzifəsini isə 2016-cı ildən bəri Lətif Qəndilov həyata keçirilir.

Bu müddət ərzində Azərbaycan Prezidentinin Belarusa beş rəsmi səfəri baş tutub. Belarus Prezidenti isə dörd dəfə Azərbaycanda rəsmi səfərdə, bir dəfə isə işgüzar səfərdə olub. 2 may 2007-ci il tarixində Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iki ölkənin tərəfdaşlığının strateji mahiyyətini müəyyən edən Dostluq və Əməkdaşlıq haqqında Saziş imzalanıb. Respublikalar arasında qarşılıqlı ticarətin artırılmasına xüsusi diqqət yetirilir.

2020-ci ildə ticarət dövriyyəsi 447,1 milyon dollar təşkil edib və 2019-cu illə müqayisədə 1,5 dəfə artıb. 2021-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 252,8 milyon dollar təşkil edib və bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artım deməkdir. Belarus ixracatı 72,5 milyon dollar (artım yüzdə 4,8), idxal 180,3 milyon dollar (176,1 milyon dollar neft idxalı sayəsində 3,4 dəfə artım) təşkil etdi.

Azərbaycan Ticarət Evi 2017-ci ildən bəri Minskdə fəaliyyət göstərir. Azərbaycanda böyük tələbat olan Belarus ərzaq məhsullarının satışı üçün "Belorussky" mağazalar şəbəkəsi genişlənir. Bu günə qədər Belarus ilə Azərbaycan arasında siyasət, iqtisadiyyat, vətəndaşların hüquq və mənafelərinin qorunması, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə bağlanıb. Belarus və Azərbaycan ənənəvi olaraq hər iki ölkə üçün əsas məsələlərdə beynəlxalq strukturlarda qarşılıqlı dəstək verirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Belarus  





Xəbər lenti