"Döyüş hazırlığının yüksəldilməsi daim diqqətdədir" Nazir

 "Döyüş hazırlığının yüksəldilməsi daim diqqətdədir"  Nazir
  11 İyun 2021    Oxunub:1562
Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.
Azvision.az -ın məlumatına görə, bunu iyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk dövrdən qoşunların döyüş hazırlığının yüksəldilməsini daim diqqət mərkəzində saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib.

Məhz bu ali münasibətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib. Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən cənab nazir bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin 33 məzununun olmasının bu təhsil müəssisəsində kursantların vətənpərvərlik, dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda tərbiyəsi, yüksək intizam, mətinlik, peşəkarlıq keyfiyyətlərinə malik olması üçün ortaya qoyulmuş böyük və əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb.

O, Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə, habelə xüsusi karantin rejimi dövründə polis əməkdaşları ilə birgə fəaliyyətinin də əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib.

Azvision.az



Teqlər: DQ   DİN  





Xəbər lenti