Əyri güzgülər krallığı: Ermənistan iki pisdən hansını seçəcək?

  18 İyun 2021    Oxunub :2395
      Əyri güzgülər krallığı:     Ermənistan iki pisdən hansını seçəcək?
Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Söhbət son 30 ilin ən taleyüklü seçkilərinə hazırlaşan qonşularımızdan gedir. Hər kəsin korrupsioner kimi tanıdığı keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan düşüblər yazıq Nikol Paşinyanın üstünə ki, “sən oğrusan”.
Hazırkı seçki kampaniyasının ikinci favoriti əsas rəqibi Nikol Paşinyana qarşı təhqir axınları tükənməyən Robert Koçaryan, mövcud hakimiyyəti korrupsiyada günahlandırır.

"Paşinyan hökuməti korrupsiyaya qarşı mübarizə aparacağına söz vermişdi, lakin bu gün özü korrupsiyaya batıb"- deyə, Ermənistanın ikinci prezidenti, hazırda baş nazirliyə namizəd Robert Koçaryan Masis sakinləri ilə görüşündə bəyan edib.

Nikol Paşinyan isə ona qarşı yönələn ittihamlara məhəl qoymadan, Qarabağ döyüşlərindəki ənənəsinə sadiq qalaraq, muzdlu seçici ordusunu başına toplayıb, yarı ayıq-yarı kefli halda kənd-kənd gəzib, təbliğat-təşviqat kampaniyasına davam edir.
Onun sosial şəbəkələrdə, mediada, teleqram kanallarında da muzdlulardan ibarət “müdafiə ordusu” var.

Ermənistanda düşünürlər ki, son 3 il ərzində Nikolun qırdığı odunlar “Artsax”la birgə bütün Ermənistanı yandırmağa çatdı. Ümumiyyətlə, noyabrın 10-dan Ermənistan çıxışı mümkün olmayan burulğanın içərisindədir. Ölkədə vətəndaş müharibəsi ocağının körüyü basılıb. Ermənistan artıq iki dəfə - bir dəfə 2008-ci ilin fevral-mart aylarında Koçaryanın vaxtında, bir dəfə də, 2018-ci ilin baharında Paşinyanın dövründə - vətəndaş müharibəsinin kandarından dönüb.

Bu gün Paşinyan dövlət institutlarını darmadağın etməkdə, Ermənistanın KTMT və Aİİ-dən çıxacağı ilə bağlı verdiyi vədlərini tutmamaqda günahlandırılır. Yəni, Paşinyana qarşı vətəndaşlarının iddia və ittihamları kifayət qədərdir.

Ancaq bu ittihamların arasında korrupsiya ittihamı yoxdur. Paşinyanı korrupsiyada ittiham etmək sadəcə mənasızdır, çünki o, bəlkə də, Ermənistanın rüşvət almayan, özü üçün inhisarçı şirkətlər yaratmayan yeganə liderdir. Elə buna görə də, Paşinyana qarşı Koçaryanın korrupsiya ittihamı məqalənin əvvəlində sitat gətirdiyimiz atalar sözü ilə üst-üstə düşür.

Ermənistan vətəndaşları yaxşı xatırlayırlar ki, 1998-2008-ci illərdə Koçaryanın, sonrakı illərdə Sarkisyanın dövründə ölkə iqtisadiyyatı oğurluq üzərində qurulmuşdu. Ermənistanda ilk oliqarxlar, milyoner nazir və məmurlar məhz Koçaryanın dövründə meydana çıxmışdıdılar. İllik büdcəsi cəmi 2,5 milyard dollar olan Ermənistanda Koçaryanın sərvəti 4-5 milyard dollardan çoxdur. Xatırladaq ki, Koçaryanın sahibkar Silva Hambartsumyanın şirkətinə lisenziya vermək üçün 3 milyon dollar rüşvət almışdı və buna görə rəsmi olaraq ona qarşı ittiham qaldırılıb. Onun oğlu da çirkli pulların yuyulmasında ittiham olunur.

Budur sekiqabağı Ermənistanın vəziyyəti! Ölkə elə bil, əyri güzgülər krallığıdır. Oğru və rüşvətxor Koçaryan güzgüyə baxıb, adını Paşiyana qoyub. Paşinyan isə nə oğru, nə də rüşvətxordur. Nikol Vovayeviç sadəcə məğlubdur, kapitulyantdır. Odur ki, vay ermənilərin halına. Ya psixoloji problemləri olan yarıtmaz, ya da rüşvətxor diktatorun diqtəsi ilə yaşamağa məhkum olacaqlar.

Səbinə Həsənova
Azvision.az

Teqlər: Ermənistan   Seçki  






Xəbər lenti