İranın 8-ci prezidenti kimdir?

 İranın 8-ci prezidenti kimdir?
  19 İyun 2021    Oxunub:3778
İranın növbəti Prezidenti İbrahim Rəisi seçilib.
Azvision.az xəbər verir ki, dünən ölkədə keçirilmiş seçkilərin ilkin nəticəslərinə görə, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.



Seçkilərdə əvvəl 7 namizəd iştirak edirdi, daha sonra onların 3-ü geri çəkildi. Beləliklə seçki yarışı 4 namizədin mübarizəsi ilə davam etdi. Namizdələr məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti idi.

Qonşu ölkənin 13-cü prezident seçkilərinin qalibi kimdir?

İbrahim Rəisi 14 dekabr 1960-cı ildə İranın Məşhəd şəhərində anadan olub. 1980-ci ildə dini təhsil alıb, karyerasını İslam İnqilabından sonra yeni hüquq sistemində qurmağa başlayıb. 1985-ci ildə yaşamaq üçün Tehrana köçüb və burada şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib. 1988-ci ildə İran xalqının Mücahidləri Təşkilatının üzvləri daxil olmaqla hakimiyyət əleyhdarlarının edamının təşkilində iştirak edib. O, "ölüm komissiyaları" adlandırılan iclaslarda oturan və on minlərlə insanı edama göndərən dörd hakimdən biri olub.



1989-1994-cü illərdə Tehran prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə İranın Baş Müfəttişliyinin rəisi vəzifəsinə qədər yüksəlib. 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə Prezident Mahmud Əhmədinejad Raisiyə təhlükəsizlik naziri vəzifəsini təklif edib, lakin o, imtina edib. 2014-cü ilin avqust ayında İbrahim Rəisi İranın Baş prokuroru olub. 2016-cı ilin mart ayında bu vəzifədən istefa verib və İslam dünyasının ən zəngin fondlarından biri olan Astana-i Quds Rəzəviyə rəhbərlik etməyə başlayıb.



2017-ci ilin may ayında İran prezidentliyinə namizədliyini irəli sürüb, lakin hazırkı prezident Həsən Ruhaniyə məğlub olub. İranın yeni prezidenti mühafizəkar bir din xadimidir, Ali Lider Ayətullah Xameneinin həmyerlisi, eyni zamanda yaxın adamı hesab olunur. Həmçinin, Qərb əleyhinə çıxışları ilə tanınan Rəisi iki il əvvəl ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Prezident  





Xəbər lenti