"Ermənilər pislə lap pisin arasında seçim etdilər"

  21 İyun 2021    Oxunub :827
   "Ermənilər pislə lap pisin arasında seçim etdilər"
Paşinyanın yenidən baş nazir seçilməsi Azərbaycan üçün nə deməkdir?

“Robert Köçəryan Paşinyanı tanımağa məcbur olacaq”. Bunu Azvision.az –a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Paşinyanın qələbəsi göstərdi ki, ermənilərin əksəriyyəti Ermənistanın gələcəyini qorumaq üçün Qarabağdan imtina etməyə hazırdırlar.
Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsindən qalib kimi çıxsa da, bir müddət sonra keçirilən parlament seçkisində məğlub oldu. Demokratiya olan yerdə bu cür hallar təbiidir. Bunun əksi isə nadir hallarda baş verir. Yəni adətən müharibədə məğlub olan lider, seçkidə də uduzur.

Bu baxımdan Ermənistandakı parlament seçkisi istisna oldu - Qarbağda məğlub olan Paşinyan seçkidə qalib gəldi. Ona görə ki, Ermənistan əhalisi pislə, ən pis arasında qalaraq birincini seçmək məcburiyyətində idi”.

Politoloq, Paşinyanın məğlub ikən qalib olmasını belə izah edir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və münasibətlərin nizamlanmasında maraqlıdır:



Elxan Şahinoğlunun fikrincə, ermənilər “Qarabağ klanına” “yox” deməklə həm də Rusiyaya “yox” dedi.

“Rusiya birmənalı olaraq Nikol Paşinyanın rəqibi Robert Köçəryanı dəstəkləyirdi. Ermənistanda seçki kampaniyası başlayan kimi Köçəryan Moskvaya çağrıldı. Orada Rusiyanın dövlət televiziyasına müsahibə verdikdən sonra, bir saat da Kremlin sahibi Vladimir Putinlə müzakirə apardı. Ermənistana qayıdıb seçki blokunu formalaşdırdı. Seçki kampaniyası ərəfəsində də Köçəryan Putinlə əlaqəni kəsməyib, onunla iki dəfə telefonla danışıb.

Rusiyadakı mərkəzlər Köçəryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. İş o yerə çatmışdı ki, Rusiyada onun blokunun Paşinyanın blokunu üstələməsi barədə saxta sorğu nəticələri yayımlanırdı”.

Politoloq deyir ki, Köçəryan seçki kampaniyası dövründə “Şuşa və Hadrutu geri qaytaracağam” deməklə özünün ən böyük səhvini etdi. Çünki, Koçaryanın bu iki şəhəri geri qaytarmaq istəyi yeni müharibəyə rəvac verəcəkdi. Ermənilər isə, daha müharibə istəmirlər. Elə ona görə də, müharibəyə səsləyən siyasətçiyə səs vermədilər.

“Nikol Paşinyanın səs çoxluğu ilə qalib gəlməsində Bakı - Ankara - Tiflis - Vaşinqton - Brüssel kombinasiyasının da rolu oldu. Seçkiyə bir neçə gün qalmış rəsmi Bakı Ağdamın mina xəritəsinin müqabilində 15 ermənini Yerevana təhvil verdi. Bu, Ermənistan əhalisinə bir mesaj idi ki, Paşinyan qalarsa, yerdə qalan ermənilərin qaytarılması ilə bağlı növbəti razılığa gəlmək olar. Köçəryanın baş nazir seçilməsi bu prosesə mane ola bilərdi.

Bundan sonra Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq. Robert Köçəryan hələ ki, seçkinin nəticəsini tanımır. Ancaq o, buna məcbur qalacaq.
Qərb ölkələri, Rusiya , eləcə də beynəlxalq təşkilatlar Paşinyanın qələbəsini təbrik məktublarrı ilə taclandırandan sonra, Köçəryanın mövcud reallığı qəbullanmaqdan başqa çarəsi qalmayacaq. Şayət o, ara qarışdırmaq və ya çevriliş etmək fikrinə düşərsə, nəticə nə onun, nə də ölkəsinin xeyrinə olmayacaq.



Onu da qeyd etmək lazımdır ki, bundan sonra Ermənistan parlamentində müxalifət qismində “Qarabağ klanı” çıxış edəcək. Başqa sözlə desək, “Qarabağ klanı” Köçəryanın liderliyində yenidən Ermənistan siyasətinə qayıtdı. Ermənistanda rusofobiyanın gündən-günə artdığı hazırki şəraitdə, Rusiya üçün bu da bir nəticədir. Moskva Robet Köçəryanı baş nazir kürsüsünə çıxara bilməsə də, onu parlamentdə ana müxalifətin lideri kürsüsünə oturda bildi. Bundan sonra Kreml Ermənistanda yenə zamana işləyəcək və Paşinyanın büdrəməsini gözləyəcək.

Azərbaycan üçün isə, hazırda əsas sual budur: Rəsmi Bakı Nikol Paşinyanın yeni hökuməti ilə münasibətləri hansı əsasda qurmalıdır?

Politoloq deyir ki, bu, Paşinyanın quracağı hökümətin tərkibindən və atacağı addımlardan asılı olacaq. Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə, diplomatlara yer verməməlidir. Bu onun özünün də xeyirinə olar. Nikol Azərbaycana tərəf bir addım atarsa, Bakı qarşılıqlı addımı atacaq. Xatırladaq ki, Paşinyan seçicilərinə iki vəd vermişdi: “Əsirlərin hamısını geri qaytaracağam”, “Minalanmış ərazilərin xəritələrini Azərbaycana verəcəyəm”.

“Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Belə olan halda Azərbaycan-Ermənistan sərhədinin demilitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, diplomatik münaqsibətlər üçün perspektivlər yaranacaq, Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq ” – sitatın sonu.

Tural Tağıyev

Azvision.az

Teqlər: Koçaryan   Paşinyan   Seçki   Qarabağ   Ermənistan  






Xəbər lenti