"Paşinyan Şuşa Bəyannaməsinə minnətdar olmalıdır" - Sahib Alıyev

"Paşinyan Şuşa Bəyannaməsinə minnətdar olmalıdır"  -    Sahib Alıyev
  21 İyun 2021    Oxunub:1630
“Siyasi prosesləri ardıcıl izləyənlər xatırlamamış olmazlar, bizdə əksər ekspertlər 44 günlük savaşdan dərhal sonra Paşinyanın devrilcəyini bildirdikləri halda, İTV-nin "Diqqət Mərkəzi-Yekun" proqramında mən bunun əksini demişdim. Demişdim ki, 10 noyabr bəyanatında yer almış məsələlərin məhz Paşinyanın əlilə reallaşdırılması forpostun ən çox asılı olduğu dövlətin maraqlarına tam cavab verir”.
Bu sözlər millət vəkili, siyasi şərhçi Sahib Alıyevə məxsusdur. O, həmin proqnozunu belə əsaslandırıb: “Çünki Paşinyan hayların Rusiyaya dirsək göstərən, müstəqil siyasət yeritmək niyyətinə düşən kəsminin təmsilçisi idi. Ermənistan üçün təslimçi və rüsvayçı 10 noyabr bəyanatını Paşinyana imzalatdırmaq və onun əlilə reallaşdrımaq həmin kəsimi aşağılamaq, cəzalandırmaq və onlara başqa niyyətə düşməyin nə demək olduğunu anlatmaq baxımından önəmli idi”.

Ekspertin sözlərinə görə, heç kimə sirr deyil ki, bu savaşın belə nəticələnməsini Rusiyanın özündə də bəziləri Moskvanın uduzması kimi dəyərləndirirdilər. Belə bir fonda Paşinyan “günah keçisi” kimi də işə yarayırdı. Rusiyanın savaş zamanı daha çox yardım etməli olduğunu düşünən haylara da, digərlərinə də göstərilirdi ki, Paşinyan faktoruna görə bu yardım onların arzuladıqları səviyyədə deyildi. Əslində isə burada cənab Prezidentin təbirncə desək, Türkiyənin oynadığı sabitləşdirici rol öz işini görmüşdü.

- Və təqribən ay yarım bundan öncə yenə də İTV-nin həmin "Diqqət Mərkəzi-Yekun" proqramında parlament seçkisində Paşinyanın qələbə çalacağını, Köçəryana dəstəyin araxasında isə ondan cızığından çıxmasın deyə birincinin üzərində Damokl qılıncı kimi istifadə etmək niyyətinin durduğunu bildirmişdim. Bu proqnoz da özünü doğrultdu,- deyə Sahib Alıyev vurğulayıb, - Amma açığını deyim ki, doğrultmaya da bilərdi. Əgər Rusiya Köçəryana dəstəyini çağdaş seçki texnologiyalarından faydalanmaqla deyil də, öz bildiyi metodla etsəydi, onda heç şübhəsiz ki, o, qələbə çalacaqdı. Çünki söhbət normal dövlətdən yox, vassal asılılığında olan forpostdan getdiyindən, orada seçki heç zaman siyasi proses olmayıb, həmişə geosyasi mahiyyət daşıyıb ki, indi də belə idi.

Ekspertin sözlərinə görə, seçkiyə təqribən bir ay qalmış hiss olunurdu ki, Köçəryanla Paşinyanın yerlərinin dəyişdirilməsi ssenarisi üzərində də düşünülür. İkincinin Avropaya səfəri, Rusiyanı və KTMT-ni sərhəddə baş verən gərginliyə "operativ reaksiya verməmək"də suçlandırması da elə məhz bununla bağlıydı. Təhlükə sovuşdu və ona görə də seçkidən dərhal sonra Paşinyan Rusiya rəhbərliyinə təşəkkür edərək, Moskvanın başında durduğu qurumarla sıx əməkdaşlıqdan dəm vurdu.

- Ancaq fikrimcə, öz qələbəsinə görə Paşinyan ilk növbədə Azərbaycan və Türkiyənin uzaqgörən, hər bir geosiyasi addımı dəqiqliklə oxuyan, ona da uyğun hərəkət etməyi, gərəkən tədbirlər görməyi bacaran dövlət başçılarına təşəkkür etməli idi,- deyə millət vəkili vurğulayıb,- Ermənistanda Köçəryan ona görə hakimiyyətə gətirilmədi ki, rəsmi Bakı qəti şəkildə onun əleyhinə idi və elə həm də buna görə çox uyğun zamanda Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi isə o demək idi ki, əgər regionda qarşıdurma yaranarsa, bu, təkcə revanşizmə can atan Köçəryan Ermənistanına deyil, ondan geosiaysi alət kimi faydalananlara da yaxşı heç nə vəd etmir. Ona görə də, qərbsayağı gediş edilərək, həm bizim, elə həm də haylar üçün pisin pisi yox, pisin yaxşısı sayılan Paşinyana üstünlük verildi.


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti