Bu gün müharibə başlamışdı…

  22 İyun 2021    Oxunub :928
   Bu gün müharibə başlamışdı…
İyunun 22-si – Faşist Almaniyasının SSRİ-yə hücum etməsilə Böyük Vətən Müharibəsinin başladığı gündür. İyunun ayının 28-də Azərbaycan KP MK bütün partiya komitələrinə iş formalarını və metodlarını müharibə dövrünün tələblərinə uyğun qurmaq barədə məktub göndərdi. İş günü 11saata qaldırıldı. Bütün məzuniyyətlər ləğv edildi. İşi özbaşına tərk etməyə görə 8 ildən 11 ilə qədər həbs cəzası müəyyən olundu. Bütün ərzaq və sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edildi.
Almanların SSRİ-nin Qərb rayonlarını işğal edərək Zaqafqaziyanın hüdudlarına yaxınlaşması ilə Ali Baş Komandanlıq 1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan etdi. Mühüm sənaye mərkəzlərində müdafiə rayonları yaradıldı. Bunlar Bakı xüsusi müdafiə rayonu, Qroznı və Orconokidze müdafiə rayonları idi. Müdafiə rayonlarının rəisləri ordu komandanlığının müavini səlahiyyətinə malik idilər.

1942-ci il sentyabrın 16-da Dövlət Müdafiə Komitəsi Mahaçqala, Dərbənd və Bakı rayonlarında müdafiə-istehkam tikintiləri üçün hər gün 90 min adamın səfərbər olunması haqqında qərar qəbul etdi. Xalq təsərrüfatının hərbi qaydada qurulmasında, ordunun yanacaq, hərbi sursat və ərzaqla təmin edilməsində Azərbaycan xalqının üzərinə məsul vəzifələr düşürdü. Azərbaycan neftçiləri və maşınqayıranları ciddi çətinliklərlə üzləşmişdilər. İşçi qüvvəsinin, ixtisaslı kadrların əsas hissəsi cəbhəyə getmişdi. Neft sənayesi üçün avadanlıqlar çatışmırdı. Şimaldan gələn dəmir yolları faşistlərin nəzarəti altına keçdiyinə görə mərkəzi rayonlardan xammal gətirilməsi dayandırılmışdı. Bakı limanında çoxlu sayda köçürülən avadanlıq toplanmışdı. 1942-ci ilin yayında Azərbaycan artıq cəbhəaltı zonaya çevrilmişdi.



Bakının sənaye müəssisələri hərbi məhsul istehsalı haqqında Dövlət Müdafiə Komitəsinin sifarişini ilk dəfə 1941-ci ilin iyul ayında aldılar. Silah, sursat və ləvazimat istehsalında respublikanın maşınqayıranları ciddi çətinliklərlə üzləşirdilər. Yüksək dəqiqlik tələb edən silah istehsalında təcrübənin olmaması, xammal çatışmazlığı vəziyyəti bir az da gərginləşdirirdi. Qısa müddətdə Bakı şəhərində bütün qüvvələrin səfərbər edilməsi hesabına poladtökmə, şüşə istehsalı, alətqayırma və başqa zavodlar, sexlər tikilib istifadəyə verildi.
1942-ci ilin yazında Bakıda şüşə zavodunun istifadəyə verilməsi ilə burada tank əleyhinə yandırıcı butulkaların istehsalına başlandı. Təkcə Qafqaz uğrunda döyüşlər zamanı zavod 1 milyon 500 min yandırıcı butulka və onun ampulu üçün şüşə boru hazırlamışdı.
L.Şmidt adına zavodun kollektivi ağır cəkili aviasiya bombalarının istehsalını, nəzərdə tutulan 40 gün əvəzinə cəmi 16 günə yerinə yetirdi və kütləvi istehsala nail oldu.
Dzerjinski adına zavod «PPŞ» avtomatlarının istehsalı üçün baş müəssisə kimi təsdiq edilmişdi. L.Şmidt adına, Kirov, Lenin, Budyonni, Kalinin adına zavodlar bu zavodu detal və hissələrlə təmin edirdilər.



Azərbaycanın kənd əhalisi ordunu ərzaq və zəruri kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün əlindən gələni əsirgəmirdi. Səhər tezdən qaranlıq düşənə kimi tarlalarda işləyən insanlar məhsulu tez və itkisiz toplamağa çalışırdılar. Onlar kənd təsərrüfatı məhsullarının istehsalını silah, sursat istehsalı qədər böyük əhəmiyyətə malik olduğunu gözəl anlayırdılar. Kəndin əsas işçi qüvvəsinin cəbhəyə səfərbər edilməsi bir sıra çətinliklər əmələ gətirmişdi. Azərbaycan ərazisində təşkil edilmiş diviziyalara ümumi səfərbərlikdən əlavə yüzlərlə traktor,qoşqu və avtomobil verilmişdi.



Qafqaz uğrunda döyüşlərin ən qızğın vaxtında Respublikanın əhalisi tərəfindən «Azərbaycan kolxozçusu» tank dəstəsi yaratmaq təşəbbüsü irəli sürüldü. Bu tədbirin həyata keçirilməsi üçün əhali könüllü olaraq fonda 350 min manata qədər pul köçürdü.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Dövlət Müdafiə Komitəsinə göndərdiyi məktubda yazırdı: «Mən Azərbaycan incəsənəti» tank dəstəsinə 25 min manat pul vermişəm. Qoy bizim pullarımızla qayrılan tanklar minlərlə başqa zəhmli Sovet maşınları ilə birlikdə düşmənin bağrını yarsın, ona öldürücü zərbələr endirsin».
Əsgərlərə isti pal-paltar göndərilməsi hərəkatı da Azərbaycanda geniş yayılmışdı. 1942-43-cü illərdə Qafqazın müdafiəçiləri üçün 1 601 540 ədəd müxtəlif əşyalar toplandı və cəbhəyə 125 vaqon isti paltar göndərildi.
Azərbaycan əhalisi qələbə naminə öz şəxsi əşyalarını, qiymətli daş-qaşlarını səxavətlə müdafiə fonduna verirdilər.



Yaralı əsgərlərin həyatını xilas etmək üçün azərbaycanlı donorların verdiyi 28 min litr qan, yəqin ki, bu hədiyyələrin içərisində ən qiymətlisi, ən əhəmiyyətlisi və ən müqəddəsi idi. 1942-ci ildə cəbhə xəttinin ölkənin içərilərinə çəkilməsi ilə əlaqədar olaraq, Rusiyanın ayrı-ayrı şəhərlərində və Şimali Qafqazda olan hərbi xəstəxanalar Azərbaycana köçürüldü. 1942-ci ilin yanvarında təşkil edilmiş yaralı əsgərlərə və komandirlərə yardım komitəsinə Azərbaycan KP MK katibi, tibb elmləri doktoru, professor Əziz Əliyev sədrlik edirdi.



Faşist təyyarəsi ilk dəfə 1942-ci il aprelin 16-da Bakı səmasına soxulmağa cəhd göstərdi. Sovet təyyarələri onun bu cəhdinin qarşısını ala bildilər. Sonrakı aylarda da düşmən təyyarələri dəfələrlə Bakı səmasına soxulmağa can atdı. 1942-ci il avqustun 14-də faşist «Yunkers» təyyarəsi 7 min metr yüksəklikdə uçaraq Bakı ərazisinə keçmək istəyərkən məhv edildi.



Faşist təyyarələri 1942-ci ildə 71 dəfə, 1943-cü ildə 3 dəfə Bakı səmasına soxulmaq istəmişdilər. Onların bu uçuşu 66 dəfə gündüz, 8 dəfə gecə baş verdi. Heç bir düşmən təyyarəsinin uçuşu müdafiəçilərin diqqətindən yayınmırdı. Zenitçilər və qırıcı təyyarəçilər bu dövrdə düşmənin «Yunkers» və «Xenkel» tipli 8 təyyarəsini vurub salmışdılar. Bakı hava hücumundan Müdafiə dairəsinin qoşunları 1240 dəfə həyəcan siqnalı ilə ayağa qalxmış və düşmənin hücumunun qarşısını almışdı.



Bütün mərhumiyyətlərə,əzablara və itgilərə mərdliklə dözərək, 2-ci Dünya müharibəsinin sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı öz tarixinin qəhrəmanlıqlar və fədakarlıqlarla dolu növbəti səhifəsini yazdı.

Samir Quliyev
Azvision.az

Teqlər: Tarix  






Xəbər lenti