Koçaryan parlamentdə "səngər qazacaq" - Ermənistanın seçkisonrası reallıqları

 Koçaryan parlamentdə "səngər qazacaq" -  Ermənistanın seçkisonrası reallıqları
  23 İyun 2021    Oxunub:2357
Nikol Paşinyanın rəqibləri onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərindəki qələbəsini sindirə bilmirlər. Müxalif “Ermənistan” blokunun lideri Robert Koçaryan bəyan edir ki, “Bu hökumətin qazandığı mandat, ona qarşı inamı əks etdirəcək səviyyədə deyil”. O, nəticələrə yenidən baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bununla yanaşı, hələlik küçələrdə etiraz aksiyaları keçirmək niyyətində olmadıqlarını dilə gətirib.
Paşinyana gəlincə, bir müddət əvvəl müxalifəti dəmir barmaqlıqlarla hədələsə də, indi dialoqa başlamağı təklif edir. Bu arada Xankəndidə olmayan respublikanın prezidenti, "Paşinyanın adamı" hesab edilən Arayik Arutyunyanın istefası yenidən gündəmə qayıdıb.

Parlament səngərləri

Nikol Paşinyanın seçkilərin birinci turunda qalib gəldiyi günün səhəri rəqibləri özlərini xatırlatmaq qərarına gəldilər. Səsləri həm Yerevandan, həm də ermənilərin tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) “paytaxtı” hesab etdikləri Xankəndindən gəldi.

- Məndə belə bir təəssürat yaranıb ki, seçkilərdə eks-prezidentlərin hər üçünün iştirakı fonunda, cəmiyyətin keçmiş hakimiyyət orqanlarının geri qayıtma ehtimalından qorxması bizə qarşı işlədi. Kəndlərdə bu qorxuları aşa bilmədik, vaxt az idi, Paşinyan və səlahiyyətliləri isə səylərini birləşdirib, bölgələri öz tərəfinə çəkməyi bacardılar,- deyə "Ermənistan" blokunun rəhbəri (erməni dilində "Hayastan" kimi səslənir), ölkənin keçmiş prezidenti Robert Koçaryan Yerevanda keçirilən mətbuat konfransında bildirib.

Belə deməklə, əslində, Koçaryan çatışmazlıqlarını boynuna almış oldu. Xarakterinə xas olmayan bu gözlənilməz etirafından sonra, eks-prezident seçki nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etmək niyyətində olduğunu açıqladı. Hələlik bir qərar qəbul etməmiş olsalar da, görünür, o və yandaşları qazandıqları mandatları qoruyub saxlayacaqlar.



- Blokda hələ bir qərara gəlməmişik ki, mandatlarımızı qəbul edək, yoxsa yox. Bu məsələ ilə bağlı şəxsi fikrim belədir: mandat qazandıq ki, mübarizəmizi davam etdirək. Bu baxımdan, əlimizə ciddi bir fürsət keçib. Parlamentdəki mübarizəmiz küçə mübarizəmizi də gücləndirəcək,- desə də, Koçaryan, yeni hökumətlə qarşıdurmanın küçə hissəsini hələlik təxirə salıb, yaxud da yalnız özünün bildiyi vaxtadək ertələyib: "Biz seçkilərdən sonra camaatı küçələrə çıxarmadıq, düşündük ki, seçkisonrası proseslər hüquqi müstəvidə davam etdirilməlidir".

Ermənistan Milli Məclisindəki tərəfdarlarının işi barədə danışarkən isə, Koçaryan metaforaya müraciət edib: “Biz parlamentin səngərlərini ələ keçirdik, indi güclənməli və tam qələbəmizi təmin etməliyik. Elə bilirsiniz, parlamentə mandat üçün gedirik? Yox. Gedirik ki, hökumətdən məsul olaq” .
"Sizcə, baş nazir postuna sahib ola biləcəksinizmi" sualına da Koçaryan müsbət cavab verib.

Bütün bunlara rəğmən, Robert Koçaryanın ipə-sapa yovuşmaz rəqibi Nikol Paşinyan, çox güman ki, qələbənin eyforiyası ilə düşmənçiliyin daşını atıb, sülhsevər olub. Amma seçkiqabağı təbliğat kampaniyası ərəfəsində o, “keçmiş elitanı” həbslərlə hədələyirdi. Amma qələbə mitinqində bu ritorikasından əl çəkərək, bütün rəqiblərinə “barış əlini” uzatdı.



- Ermənistan və Qarabağın tarixində yeni səhifə açılır və bu səhifə milli potensialın konsolidasiyası, yeni, əsl demokratiya dəyərlərinin yaradılması ilə başlamalıdır. Buna cavabdehliyi ilk növbədə, özüm üzərimə götürürəm və tərəfdarlarımı təhqirlərə, aqressiyaya, düşmənçiliyə son qoymağa çağırıram,- deyə Paşinyan iyunun 22-dəki çıxışında bildirmişdi.

Bu arada, İrəvan Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri, politoloq Tevan Poqosyan Ermənistandakı cari vəziyyəti şərh edərkən qeyd edib ki, parlamentdə müxalifətin yeni təmsilçiləri hakimiyyət orqanlarına müqavimət göstərmək üçün kifayət qədər resursa sahibdirlər. Poqosyanın sözlərinə görə, parlamentdə müxalifət hər an müxtəlif məsələlərlə bağlı müvəqqəti istintaq komissiyaları yarada, hökumət nümayəndələrini məsuliyyətə cəlb edə bilər, buna səsləri çatır.

Xankəndidə mitinqlər başlayıb

Nikol Paşinyanın qələbə zəlzələsinin dalğası Xankəndidə də hiss olundu. İyunun 22-də qondarma “DQR prezidenti” Arayik Arutyunyanın istefası tələbilə mitinqlər başladı. Buna səbəb Arutyunyanın seçki günü “Vətəndaş Müqaviləsi” Partiyasının qərargahında görünməsi oldu. Gərginliyi aradan qaldırmaq üçün, Arayik iynun 23-də öz mitinqini keçirməyə məcbur oldu. “Son günlərdə yaranan daxili siyasi gərginliyi və son aylar ərzində yaranmış sualları nəzərə alaraq, bu gün insanlara müraciət edəcəyəm” deyən Arutyunyan, üzləşdikləri problemlər və onların həlli barədə açıq danışmaq niyyətində olduğunu Facebook profilində bəyan edib. Mitinqində isə özünü “günahsız” hesab etmədiyini, kreslodan yapışmadığını və hər an istefaya hazır olduğunu bildirib.

Ancaq istefaya getməzdən əvvəl Arutyunyan həmvətəndaşlarının növbədənkənar seçkilərə münasibətini öyrənmək üçün ictimai-siyasi müşavirələr çağırmağı planlaşdırıb. Onun sözlərinə görə, müsbət reaksiya veriləcəyi halda, uyğun bir vaxtda özünün qatılmayacağı fövqəladə seçki elan edəcək.



Arayikin mitinqindən dərhal sonra rəqibləri meydana toplaşaraq, öz mitinqlərini keçiriblər.

Tevan Poqosyana görə, Qarabağın erməni sakinləri düşünürlər ki, Yerevanda hakimiyyət orqanları onları unudub, problemləri ilə maraqlanmır, buna görə də, özlərini lazımsız hiss edirlər. Erməni politoloq əmindir ki, Arayik Arutyunyana qarşı hazırkı mitinqlər bu vəziyyətlə əlaqədar ictimai düşüncənin təzahürüdür.

Səbinə Həsənova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti