Antiazərbaycan hücumunda pas Hollandiyaya atılıb

Antiazərbaycan hücumunda  pas Hollandiyaya atılıb
  25 İyun 2021    Oxunub:730
Hollandiya parlamentdə hökuməti Avropa çempionatının Bakıda keçiriləcək növbəti oyununa nümayəndə heyəti göndərməməyə çağıran sənəd hazırlanıb. Belə ki, əgər futbol üzrə yığma komanda "Avro-2020" çərçivəsində növbəti oyununu Azərbaycan paytaxtında keçirsə, yalnız idmançılar Bakıya gəlməlidirlər. Qəribəsi isə budur ki, bu Azərbaycana qarşı olan bu anormal təklifi İkinci Qarabağ müharibəsindən sonra həbs edilmiş erməni təxribatçılara görə irəli sürüblər.
Ermənistanın Hollandiyadakı səfirliyinin mətbuat xidməti artıq bu qərarla bağlı məlumat yayıb. Sənədin Hollandiyanın baş naziri Mark Rutte ilə müzakirələrdən sonra qəbul edildiyi vurğulanır. Maraqlıdır, Fransanın yolunu gedən Hollandiya bununla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, ölkəmizdə mühüm beynəlxalq yarışlar keçirilən vaxtı niyə bəzi üzdəniraq qüvvələr aktivləşirlər?

Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, əslində məqsəd Azərbaycanı gözdən salmaq bu ədalətsiz və anormal yanaşma ilə dünyada atəşkəs dövründə həbs edilmiş erməni terrorçular haqqında “fağır”, “günahsız” erməni imici yaratmaqdır:
- İkinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra Azərbaycana qarşı bir neçə ölkənin ardıcıl şəkildə kampaniya aparmaq cəhdlərini gördük. Məhbuslara “hərbi əsir” adının qoyulmasını uzun müddətdir ki, mən də müşahidə edirəm. Futbol terminilə desək, sanki bəzi Avropa ölkələri anti-Azərbaycan kampaniyalarında topu bir-birinə ötürürlər. Avropa İttifaqında belə “ötürmələr”lə çirkin diplomatiya sərgilənir. Yaxın müttəfiqimiz olan Türkiyəyə qarşı da belə metodlardan istifadə edirlər. Əvvəlcə Fransanı bu işlərdə “məsul” seçmişdilər, sonra bir müddət kampaniyaları ondan alıb, başqa ölkəyə verdilər. Beləcə, Avropada sıxışdırma metodologiyası ardıcıl şəkildə həyata keçirilir. Xatırlayırsınızsa, bir müddət öncə hətta Lüksemburq belə Azərbaycana qarşı yersiz hücumlara keçmişdi.



Politoloq deyir ki, indi də Hollandiyanın qabağa verilməsi heç nəyi dəyişməyəcək. Hollandiya artıq bu kampaniyalarda bir neçə dəfə iştirak edib. Belçika və Fransa da heç vaxt siyahıdan kənarda qalmayıblar:
- Missiyanı ölkələr arasında bölməklə aktivlik görüntüsü yaratmağa çalışırlar. Guya Azərbaycanın insan haqlarına, dünya qanunvericiliyinin normalarına zidd getməsini kütləvi şəkildə qınayan ölkələr var. Təbii ki, siyasi proseslərə qara eynəklə baxmayanlar Hollandiyanın sərgilədiyi mövqedə yalnız və yalnız qərəz görər. Adətən bu adamlara kampaniyalardakı fəaliyyətlərini təmin etməkdən ötrü vəsaitlər də ayrılır, deputatlar isə maliyyə resurslarından gen-bol istifadə edirək, çirkli pulları “yuyurlar”. Təbii ki, hollandiyalı parlamentarilərin son addımları siyasi oyunbazlıq idi. Hazırda Hollandiya ksenofobiyanın, dini ziddiyyətlərin tüğyan etdiyi ölkələrdən birinə çevrilib.

Tofiq Abbasov deyir ki, növbəti beynəlxalq yarış zamanı Azərbaycana qarşı anormal addımların atılması bu proseslərin hamısının oxşar mərkəzlərdən idarə olunduğunu bir daha göstərir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Hollandiya   Parlament   Məhbus   Futbol  





Xəbər lenti