Dialoq olmayacaq: Avropa Birliyi Rusiya ilə sammitə "yox" dedi

  Dialoq olmayacaq:  Avropa Birliyi Rusiya ilə sammitə "yox" dedi
  25 İyun 2021    Oxunub:898
Hazırda dünya gündəminin əsas mövzularından biri Avropa-Rusiya münasibətləridir. ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşdən sonra, Almaniya kansleri Angela Merkel buna sadəcə kənardan baxmaqla qalmayıb, AB liderlərinə Putinlə analoji görüş təklif etdi.
Ancaq bu gün məlum oldu ki, Avropa ölkələrinin əksəriyyəti məsələni heç müzakirə də etmək istəməyiblər. AB ölkələrindən yalnız Fransa və Avstriya Rusiya ilə diaoloqun inkişaf etdirilməsinin lehinə səs verib, qalanları etiraz ediblər. Yekunda Angela Merkel Rusiya və AB liderlərinin zirvə görüşünün təşkili ilə bağlı razılığa gələ bilmədiklərini bəyan edib.

"Bloomberg"in məlumatına görə, müzakirələr zamanı təxminən 10 dövlət ya sammit keçirilməsi fikrinin əleyhinə olub, ya da təklif "yaxşı hazırlanmadığı üçün " bəyənməyiblər. Sammitin əleyhinə olanlar sırasında Rusiya ilə həmsərhəd olan və Kremlə qarşı daha sərt mövqe tutmaq istəyən Baltikyanı ölkələrlə Polşa da var.

Niderlandın baş naziri Mark Rutte Rusiya ilə zirvə toplantısında iştirak etmək fikrində olmadığını söyləyib. Estoniyanın baş naziri Kaya Kallas "Şəxsən mən düşünmürəm ki, liderlər səviyyəsində bu cür zirvə toplantısının vaxtı çatıb",- deyərək, Moskva ilə yüksək səviyyədə dialoqa qarşı çıxıb.

AB sammitinin yekun kommünikesində isə bildirilir ki, qurum ölkələri "liderlər səviyyəsində dialoq da daxil olmaqla, Rusiya ilə mümkün dialoq formatlarını araşdıracaqlar". Qeyd edək ki, mətnin bu hissəsi mötərizəyə alınıb, yəni sənəd nəticə etibarilə razılaşdırılmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Moskva Rusiya-AB sammitinin keçirilməsi təşəbbüsünü müsbət qiymətləndirir, lakin görüşün təşkililə bağlı konkret təklif almayıb. Onun sözlərinə görə, Vladimir Putin Brüssel ilə Moskva arasındakı dialoq və təmas mexanizminin bərpasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib, çünki bu dialoqa həm Brüsselin, həm də Moskvanın böyük ehtiyacı var. Peskov deyib ki, indi Avropa ölkələri bu məsələni öz aralarında müzakirə etməli olacaqlar.

Səbinə Həsənova
Azvision.az


Teqlər: AB-Rusiya  





Xəbər lenti