Müdafiə naziri Şuşa əməliyyatından danışdı - Ermənilər üçün bir şok oldu

   Müdafiə naziri Şuşa əməliyyatından danışdı -    Ermənilər üçün bir şok oldu
  26 İyun 2021    Oxunub:921
"Cənab Prezident Şuşa əməliyyatının təşkilində ciddi tapşırıqlar vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, biz burada artilleriyadan güclü istifadə edə bilməyəcəkdik"
Azvision.az xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində deyib. O bikdirib ki, Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriya ilə darmadağın edildi, onlar həm canlı qüvvədə, həm texnikada çox böyük itki verdilər: "

Ancaq biz doğma şəhərimizi artilleriya ilə vurmurduq. Bu, təbii ki, bizim əməliyyatı həyata keçirməyimizə çətinlik yaradırdı. Həmin vaxt havalar da buludlu idi. Ona görə də Şuşa əməliyyatı vaxtı biz pilotsuz uçuş aparatlardan da istifadə edə bilmədik və kəşfiyyatın aparılmasında da çətinlik var idi. Yəni Şuşa ətrafında əməliyyatlarda artilleriyadan istifadə etdik, ancaq doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya ilə vurmadıq. Şuşa əməliyyatı zamanı bütün qoşun növlərinin peşəkarlığını gördüm. Mən bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim mühəndis-istehkam qoşunlarımız qısa bir müddətdə inanılmaz bir iş gördülər, qısa bir müddətdə yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Onlar bizim Şuşaya əsas hücumumuzu ayrı istiqamətdən gözləyirdilər. Güclərini ayrı yerdə cəmləşdirmişdilər".

Z.Həsənov Şuşa əməliyyatı zamanı digər qoşun növlərinin peşəkarlığından danışıb: “Mən topçularımızın qəhrəmanlığını qeyd etmək istəyirəm. Yol çəkilmişdi, amma hava şəraiti yaxşı deyildi, palçığın içində ağır topları yüksək peşəkarlıq göstərərək müxtəlif yerlərə çıxarmışdılar və Şuşa ətrafındakı erməni qoşunlarına dəqiqliklə zərbələr endirdilər.

Kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim xüsusi təyinatlılarımız Şuşada əməliyyat keçirdilər. Əməliyyatın planlaşdırılması, təşkili ilə bağlı çox müraciətlər var, maraqlanırlar. Təbii ki, biz bunları deyə bilmərik, məxfi məlumatdır. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.

Azvision.az


Teqlər: Şuşa-əməliyyatı  





Xəbər lenti