ÜST yeni ölümcül dalğa barədə xəbərdarlıq etdi

   ÜST  yeni ölümcül dalğa  barədə xəbərdarlıq etdi
  28 İyun 2021    Oxunub:1882
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istirahət günlərində dünyada fevral ayından bəri ən az yoluxmanın qeydə alındığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Qeyd edilir ki, buna baxmayaraq, dünyanın 92 ölkəsində "Delta"nın (Hindistan ştammı-red.) qeydə alınması "yeni ölümcül bir dalğanın" yaranacağından xəbər verir.

Əksər Avropa ölkələrində yoluxma, xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayı keçən yaydan bəri görünməmiş həddə düşüb. Bu səbəbdən də bəzi Avropa Birliyi ölkələri əhalinin kütləvi peyvəndlənməsi kampaniyası irəlilədikcə karantini daha da yumşaldır. Buna baxmayaraq, Almaniya artıq sərhədlərini Portuqaliya vətəndaşları üçün bağlayıb. Çünki "Delta" indi bu ölkədə yeni yoluxmaların 70 faizdən çoxunu təşkil edir. İspaniyanın bəzi bölgələrində isə, xüsusilə Kataloniyada 20 faiz "Delta"ya yoluxma halı aşkarlanıb. Regional səhiyyə rəsmiləri koronavirusun bu təhlükəli variantının bölgədə iki ilə dörd həftə arasında dominant ola biləcəyini təxmin edirlər.

Bənzər bir vəziyyətin Yunanıstanda avqustun ortalarına qədər baş verəcəyini proqnozlaşdırırlar.

İndoneziyada isə "Delta" ştammına yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb- 21.000-dən çox koronavirus xəstəsi. Bənzər dalğaların bölgədə genişləndiyi, xüsusən də Tailand və Malayziyada da oxşar hadisələrin baş verdiyi bildirilir.

"Hindistan ştammı" Avstraliya və Yeni Zelandiya hökumətlərini də karantin şərtlərini sərtləşdirməyə vadar edib. Bundan başqa İsrail ölkədəki yoluxma sayının artması səbəbindən qapalı yerlərdə qoruyucu maskalardan istifadə tələbini yenidən tətbiq edib.

Nəşrə görə, son bir həftə ərzində COVID-19 xəstələrinin sayı Afrika daxilində 25 faiz artıb.

Qeyd edək ki, bu günə kimi dünyada 181,8 milyondan çox koronavirus infeksiyası qeydə alınıb. Bunlardan 3,9 milyondan çoxu ölümlə nəticələnib, 166,3 milyondan çox insan isə artıq sağalıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Ştamm   Yoluxma   Delta   Avropa   Karantin  





Xəbər lenti