“Karabakh.Center” layihəsi təqdim edildi

   “Karabakh.Center” layihəsi təqdim edildi
  30 İyun 2021    Oxunub:734
Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı olub.

Azvision.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar.
Tədbirdə iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Milli Məclisin deputatı Fatma Yıldırım çıxış ediblər.

Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi və əhəmiyyəti barədə fikirlərini bölüşüb: "Qarabağ Dirçəliş Fondu'nun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Karabakh.Center" (www.karabakh.center) layihəsinin rəsmi təqdimatı keçirilib.
Tədbirdə iştirak edən bütün qonaqlarımıza ürəkdən təşəkkürümü bildirirəm.

Karabakh.Center layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılmışdır. Bu internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır".

Onun sözlərinə görə, saytda əvvəllər işğal altında olan ərazilərdə yerləşən dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri yer alır.
Bütün fotoşəkilləri və videoları saytın "Urbisid" bölməsində tapmaq mümkündür. Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir.

""Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur. İnternet resursunun məzmunu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə yenilənəcəkdir. Dilbər guşəmiz olan Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcəkdir. Fürsətdən istifadə edərək, Qarabağ Dirçəliş Fondu adından bu internet resursunun yaradılmasının təşəbbüskarı olan möhtərəm Mehriban xanım Əliyevaya göstərdiyi etimada görə, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildirmək istərdim".

İqtisadiyyat naziri, Fondun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında bildirib ki, bugünkü tədbir yeni bir yolun başlanğıcıdır: "Biz Qarabağımızın dirçəliş məsələlərini müzakirə edirik. Vətən müharibəsi iki dastanla müşahidə edildi. Bir dövlətçilik, bir də cəmiyyət, ictimaiyyət dastanı. Bununla da biz torpaqlarımızın azad edilməsini müşahidə etdik. Biz azad edilən topraqların dirçəlişindən danışırıq. Bu, tək bir qurumun yox, bütün cəmiyyətin vəzifəsidir. Fondun fəaliyyətini müddətli yox, əbədi vaxt efirindən çıxış edərək formalaşdırmalıyıq.

Biz prosesə daimi inkişaf kimi baxmalıyıq. Müşahidə etdiyimiz mənzərə 21-ci əsrin bəşəri dəyərləri ilə kəskin şəkildə üst-üstə düşmür. Tarixdə Stalinqrad, Xirosima olub. Ancaq şüurlu şəkildə 10 illiklər ərzində dağıtmaq prosesi məncə başqa bir fenomendir. Bunun öyrənilməsinə və bəşəriyyətdə təkrarlanmaması üçün Fond öz işini quracaq. Bu gün təqdimatı keçirilən portal müxtəlif dillərdə nəzərdə tutulur. Bu layihə onlayn portal kimi yox, gələcəkdə beyin mərkəzləri tərəfindən həqiqətin çatdırılması məsələləri kimi də mühüm olacaq. Qarabağda bir sıra dağıdılmış abidələrin bərpasının şahidi olacağıq. Bilirsiniz ki, artıq bir sıra abidələrin bərpa işlərinə başlanılıb".

Daha sonra "Karabakh.Center" internet-resursunun videotəqdimatı olub.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti