“Kosmik internet” ayda $100-a olacaq: İlon Mask detalları açıqladı

    “Kosmik internet” ayda $100-a olacaq:    İlon Mask detalları açıqladı
  30 İyun 2021    Oxunub:2646
Barselonada keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress 2021) çıxış edən İlon Mask “Starlink” kosmik internet-servisilə bağlı suallara aydınlıq gətirib. “Tesla” və “SpaceX”in baş direktoru bildirib ki, Starlink layihəsinin çərçivəsində artıq 1800 peyk kosmosa qaldırılıb.
- Avqust ayında Yerin qütblərini çıxmaqla, hər yerdə qlobal internet olacaq, - deyən Mask bildirib ki, “Starlink” kabel interneti ilə 5G şəbəkisinin arasındakı boşluğu dolduracaq. 1 il ərzində şəbəkəyə 500 000 insanın qoşulacağı gözlənilir.

Azvision.az xəbər verir ki, “kosmik internet”ə qoşulmaq təxminən $500-a başa gələcək. Bu məbləğə çanaq anteni, marşrutizator, adapter, kabellər və montaj daxildir. Aylıq istifadə haqqı $100 olacaq. Ümumilikdə şəbəkənin gücü 5 mVt, ötürücülük qabiliyyəti 30 Tbit/saniyədir.

İlon Mask Starlink-ə ümumilikdə $20-30 milyard yatırımın qoyulacağını bəyan edib. Onun sözlərinə görə, “Starlink” tam işə düşəndən sonra dünyadakı bütün internet istifadəçilərinin təxminən 5%-nə xidmət edəcək və ildə $30 milyard gəlir gətirəcək.



Amma tənqidçilər bunu real saymır və Maskın təxəyyülünün məhsulu hesab edirlər. Onların fikrincə, ayda 100 dollara genişzolaqlı internetə qoşulmaq çox böyük dəbdəbədir və bunu etmək istəyənlərin sayı elə də çox olmayacaq.

Samir Quliyev
Azvision.az



Teqlər: Starlink   İlon-Mask  





Xəbər lenti