Yeni qanun dövlət qulluğunda nəyi dəyişdirəcək? - Şərh

Yeni qanun dövlət qulluğunda nəyi dəyişdirəcək? -  Şərh
  01 İyul 2021    Oxunub:3228
İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxil edilib ki, bunlardan biri də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklə bağlı layihədir.
Layihə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Azvision.az-a açıqlamasında deyib ki, “Dövlət qulluğu haqqında” qanunda olacaq dəyişikliklər özündə bir sıra müsbət məqamları birləşdirib. Əsas diqqət çəkən məqam isə ondan ibarətdir ki, dövlət qulluqçularının digər vəzifələrə işə qəbul olunması daha da asanlaşdırılacaq:

- Bildiyiniz kimi, uzun müddətdir ki, cənab Prezidentin rəhbərliyilə ölkədə bütün sahələrdə dərin islahatlar aparılır. Bu islahatlar özünü dövlət qulluğu, hüquq-mühafizə orqanları istiqamətində də göstərməkdədir. Milli Məclisdə üçüncü oxunuşda qəbul ediləcək “Dövlət qulluğu haqqında” qanundakı dəyişikliklər də bu qəbildəndir. Dəyişikliklər prokurorluq, ədliyyə orqanları, Fövqəladə Hallar, miqrasiya, gömrük, diplomatik xidmət haqqında və s. dövlət qurumlarında qulluq keçmə ilə bağlıdır. Misal üçün, 5-ci maddədə prokurorluqda stajorluq və sınaqkeçmədən söz açılır. Əvvəllər Prokurorluqda “stajorluq və ya sınaq müddətində attestasiyadan keçməmiş işçi prokurorluqdan xaric edilir” deyilirdi. İndi də bu var. Sadəcə olaraq, bura əlavə olacaq. Yəni qanuna 5.4-1-ci maddə əlavə olunur. Həmin maddəyə əsasən, prokurorluğa qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində stajorluq və sınaq müddətləri müəyyən edilmir. Şəxs əvvəllər dövlət qulluğunda olubsa, artıq o birbaşa, sınaq müddətsiz, stajorluq keçmədən xidmətə qəbul olunacaq.



Yaxud da, rütbələrin verilməsi ilə bağlı əlavədən söz açmaq olar. Bu qanuna əlavə ilə bağlı maddə 18-də belə bir nüans var. Prokurorluqda qulluğa qəbul edilən və ya dövlət qulluğundan prokurorluğa işə keçirilən şəxslərə rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. Yəni artıq bu şəxslərin əvvəlki xidmətləri nəzərə alınacaq. Diplomatik xidmət haqqında da bu, belədir. Eləcə də bu məqam ədliyyə, FHN, gömrük orqanlarına da aid ediləcək.

Bu, onu göstərir ki, dövlət qulluğunda xüsusi stajı olmuş insanların artıq yeni işə qəbulunda əvvəl keçdiyi xidmət müddətləri uğurlu şəkildə nəzərə alınacaq. Hazırkı qanunda dövlət qulluqçularının digər vəzifələrə işə qəbul olunması daha da asanlaşdırılır”.

Tural Tağıyev

Azvision.az



Teqlər: Qanun   MilliMəclis   Deputat  





Xəbər lenti